Noy 07, 2023 | 02:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzində 8 Noyabr Zəfər Gününə həsr olunmuş tədbir təşkil edilib
07 noyabr 2023-cü il tarixində ADPU-nun Şəki filialında AMEA-nın Şəki Regional Elmi Mərkəzinin və ADPU-nun Şəki filialının təşkilatçılığı ilə “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Şəki Regional Elmi Mərkəzin əməkdaşları və ADPU-nun Şəki filialının müəllim və tələbələri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan ADPU-nun Şəki filialının direktoru, r.e.d., dos. Rafiq Rəsulov tədbir iştirakçılarını salamlayıb, Zəfər Günü münasibətilə təbrik edib, ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqının tarixin ən mürəkkəb sınaqları ilə üz-üzə qalmasından, Azərbaycanı diz üstündən qaldıraraq inkişaf yoluna çıxaran Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətindən və Ali Baş Komandan İlham Əliyevin uğurlu və qətiyyətli addımlarından danışıb.
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, f.ü.f.d., dos. Yusif Şükürlü çıxışında cənab Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharətindən, milli maraqlara söykənən daxili və xarici siyasətinin qısa müddətdə xalq arasında böyük rəğbət, sonsuz inam və etibar qazanmasından bəhs edib.
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tarix, arxeologiya və epiqrafika şöbəsinin baş elmi işçisi, ped.ü.f.d., prof. Firədun İbrahimov “Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycan Dövlətçilik tarixinin şanlı səhifəsidir” mövzusunda məruzə edib. O qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin davamı olaraq onun layiqli varisi Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji hədəflərə doğru addımlara start verməsi onun uzaqgörən qərarları, nəticəyə hesablanmış, dünyadakı mövcud reallıqlara, zamanın çağırışlarına adekvat siyasəti sayəsində möhtəşəm qələbənin əldə olunması ilə nəticələndi.
Daha sonra Şəki Regional Elmi Mərkəzin Ekoloji coğrafiya şöbəsinin rəhbəri Yusif Rəhimova söz verilib. Yusif Rəhimov bugünkü Zəfər Gününün onu ikiqat qürurlandırdığını vurğulayıb. Yusif Rəhimov əlavə edib ki, onun hər 3 övladı-Azərbaycan Silahlı Qüvvələri sırasında xidmət göstərən polkovnik Nemət Rəhimov, hərbi jurnalistlər Ruslan Rəhimov və Rəsul Rəhimov II Qarabağ müharibəsində iştirak ediblər. Natiq öz nitqini döyüş bölgəsindən olan fotoşəkillər əsasında davam etdirib.
ADPU-nun Şəki filialının Humanitar fənlər kafedrasının baş müəllimi Rasimə Bəkirova “İşğaldan azad olunmuş ərazilərdə quruculuq: nəhəng infrastruktur layihələrin reallaşdırılması” başlıqlı məruzəsində dövlət başçısı İlham Əliyevin işğaldan azad olunmuş torpaqlara mütamadi səfərləri, qısa müddət ərzində yüksək infrastrukturun yaradılması, əhalinin böyük qayıdışı kimi mühüm faktları nəzərə çatdırıb.
Şəki Regional Elmi Mərkəzinin “Gənc alim və mütəxəssislər şurası”nın sədri, Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin kiçik elmi işçisi,Tural Adışirinov “Zəfər Günü bədii ədəbiyyatda” adlı çıxışında qələbədən sonra, son üç ildə Azərbaycan ədəbiyyatında müxtəlif şair və yazıçıların yaradıcılığından Zəfər mövzusunun ana xətt kimi keçdiyini qeyd edib. Bu xüsusda əsasən şeirlərin, poemaların, tarixi romanların, hətta dramaturji əsərlərin də yazıldığını vurğulayıb.
Tədbir məktəblilərin səsləndirdikləri şeir nümunələri ilə davam edib. Şəki şəhər 14 saylı orta məktəbin 4-cü sinif şagirdi Elvina Məmmədli Reyhan Mənəfovanın “Mənim ordum”, Şəki kimya-biologiya liseyinin 6-cı sinif şagirdi Uğur Hüseynov Mehmet Akif Ersoyun “İstiqlal marşı” şeirlərini səsləndiriblər. Şəki şəhər 7 saylı orta məktəbin 6-cı sinif şagirdləri Sevgi Vahabzadə və Ümid Orucov “Qarabağ Azərbaycandır” musiqisini ifa ediblər.
Sonda “Şanlı Zəfər yolu” adlı videoçarx nümayiş etdirilib.