AMEA-da Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan elmi konfrans keçirilib
Noy 04, 2023 | 04:00

Noyabrın 4-də AMEA-nın Rəyasət Heyəti və A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış qələbənin 3 illiyinə həsr olunmuş “Zəfərdən-zəfərə: Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasətinin təntənəsidir” mövzusunda elmi konfrans keçirilib. Konfransa Şəki Regional Elmi Mərkəzin direktoru Yusif Şükürlü onlayn qoşulub.

shrem.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan xalqı və dövləti həm 44 günlük Vətən müharibəsində, həm də ondan sonrakı ötən 3 il ərzində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyində zəfərdən-zəfərə doğru irəliləyib, hərbi və diplomatik müstəvidə tarixi qələbələr əldə edib.

Müstəqil və güclü Azərbaycanın lideri, Prezident İlham Əliyevin siyasi və diplomatik şücaəti və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 30 illik işğala son qoyulduğunu deyən akademik İsa Həbibbəyli Şuşada Dövlət Bayrağımızın ucaldılması ilə Böyük Qələbənin təmin edildiyini söyləyib. Qeyd edib ki, ermənilərin illərdən bəri uydurduğu “böyük Ermənistan”, “güclü erməni ordusu”, “keçilməz Ohanyan səddi” kimi miflər və onların havadarlarının məkrli planları cəmi 44 günə Azərbaycan əsgərinin şücaəti ilə birdəfəlik darmadağın edildi.

Sonra konfransda AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru professor Kərim Şükürovun “Azərbaycan tarixinin İlham Əliyev epoxası”, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru professor İlham Məmmədzadənin “Qələbə və İlham Əliyevin liderlik fəlsəfəsi”, Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru tarix elmləri doktoru Eynulla Mədətlinin “Vətən müharibəsində qələbəmiz və tarixi yaddaş”, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru Mərziyə Nəcəfovanın “Ədəbiyyatımızda Vətən müharibəsi: Zəfər sevincləri” və AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın hərb tarixi elmi qrupunun rəhbəri, tarix elmləri doktoru Mehman Süleymanovun “Xalq, dövlət və ordunun tarixi Zəfəri” mövzusunda məruzələri dinlənilib.