Şəki Regional Elmi Mərkəzin əməkdaşları “Mən Arazam, səsim tutqun Arazdır” mövzusunda tədbirdə iştirak ediblər
Noy 03, 2023 | 03:49

03 noyabr 2023-cü il tarixində Şəki şəhər MKS-nın Cəfərabad kənd kitabxana filialının təşkilatçılığı ilə xalq şairi Məmməd Arazın 90 illik yubileyinə həsr edilmiş “Mən Arazam, səsim tutqun Arazdır” mövzusunda tədbir təşkil edilib. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri Məmməd Arazın “Ayağa dur, Azərbaycan” adlı şeiri ilə açan Cəfərabad kənd ziyalısı, uzun illərin müəllimi Nəriman Səmədov qonaqları salamladıqdan sonra sözü Şəki şəhər MKS-nın Cəfərabad kənd kitabxana filialının müdiri İradə Səmədovaya verib. İradə xanım şairin həyat və yaradıcılığı haqqında geniş danışıb, Məmməd Araz zirvəsinin ölməzliyini vurğulayıb. Daha sonra söz Şəki şəhər MKS-nın “Xidməti abonoment” şöbəsinin müdiri Dilbər Yaqubovaya verilib. O, Məmməd Arazın Vətən, yurd sevgisindən bəhs edib, şairin yaradıcılığından müxtəlif şeirlər səsləndirib. Uzun illər Cəfərabad kənd məktəbində riyaziyyat müəllimi işləmiş Əhmədiyyə Musayev Məmməd Aslanın Məmməd Arazla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb, şairin yaradıcılığından iki şeir səsləndirib. Tədbirdə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları- “Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya” şöbəsinin kiçik elmi işçisi, şair Tural Adışirinov, Ekoloji biofizika şöbəsinin müdiri Yevgeniya Bəkirova, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, şair Reyhan Mənəfova iştirak ediblər. Reyhan Mənəfova çıxışında Məmməd Arazla bağlı xatirəsini tədbir iştirakçılarının nəzərinə çatdırıb, şairin “Unut məni, aldat məni, at məni” şeirini, həmçinin tədbir iştirakçılarının xahişi ilə öz yaradıcılığının məhsulu olan “Mən Vətənəm” adlı şeir parçasını səsləndirib.

Tədbirdə həmçinin Cəfərabad kənd orta məktəbinin şagirdləri Gülbuta Mehdiyeva “Azərbaycan deyiləndə ayağa dur”, Sahilə Bəkirli və Gülay Çələbili “Ağarma saçım, ağarma”, Arzu Süleymanlı və Günel Nəbiyeva “Məndən ötdü, qardaşıma dəydi” şeirlərini səsləndiriblər.

Sonda Cəfərabad kənd orta məktəbinin şagirdi Elvin Məmmədov “Dünya sənin, dünya mənim, dünya heç kimin”, “Peşimanı kim olacaq” mahnılarını ifa edib.