Akademik Zərifə xanım Əliyeva görkəmli ictimai xadim kimi Ulu Öndərin apardığı böyük dövlətçilik fəaliyyətinə daim dəstək verib
Okt 31, 2023 | 09:00

shrem.az saytı science.gov.az saytına istinadən xəbər verir, Akademik Zərifə xanım Əliyeva zəngin elmi irsi ilə Azərbaycan oftalmologiya elminin inkişafında, bu sahədə elmi məktəbin yaranmasında və kadr hazırlığında mühüm xidmətlər göstərib. Zərifə xanım həm də görkəmli ictimai xadim kimi Ulu Öndərin apardığı böyük dövlətçilik fəaliyyətinə daim dəstək verib.

Bu sözləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Görmənin fiziologiyası və peşə patologiyaları: fundamental və tətbiqi aspektlər” mövzusunda beynəlxalq konfransın və Azərbaycan Fizioloqlarının VI Konqresinin açılış mərasimində çıxışı zamanı deyib.

2023-cü ilin Prezident İlham Əliyev tərəfindən “Heydər Əliyev İli” elan olunduğunu xatırladan akademik İsa Həbibbəyli il boyu ölkəmizdə və xaricdə, eləcə də AMEA-da görkəmli dövlət xadiminə, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş silsilə tədbirlərin keçirildiyini və bu tədbirlərin böyük elmi-mədəni hadisələrlə, Azərbaycanın taleyüklü məsələləri ilə daha da yaddaqalan olduğunu bildirib.

“Konfransın keçirildiyi günlər Azərbaycanın çoxəsrlik tarixinin nadir hadisələrinin baş vediyi günlərə təsadüf edir”, - deyə bildirən natiq Prezident İlham Əliyevin prinsipial mövqeyi və diplomatik fəaliyyəti sayəsində tarixi ədalətin qələbə çaldığını və Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam bərpa edildiyini vurğulayıb. Bu gün üçrəngli Dövlət Bayrağımızın Qarabağda, ölkəmizin hər yerində vüqarla dalğalandığını deyib.

AMEA rəhbəri vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin ailəsindəki ən önəmli həyat prinsipi xalqa, millətə xidmət və sədaqət olub. Qeyd edib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da Ulu Öndərin ideyalarını böyük əzm və məharətlə həyata keçirir, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq ölkəmizdə ictimai-sosial, mədəni sahələrdə genişmiqyaslı layihələrə rəhbərlik edir.

Akademik İsa Həbibbəyli bildirib ki, Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 100 illik yubileyləri çərçivəsində keçirilən tədbirlər dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış böyük dövlətçilik zəfərlərinin ictimai siyasi mahiyyətini tam mənası ilə ortaya qoymuşdur.

Çıxışının sonunda AMEA prezidenti tədbirdə səslənəcək fikirlərin elmimizin inkişafına müsbət töhfə verəcəyinə inamını ifadə edib.