Şəki Regional Elmi Mərkəzin növbəti Elmi Şura iclası keçirilib
Okt 27, 2023 | 05:00
27 oktyabr 2023-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin növbəti Elmi Şura iclası keçirilib. İclasda Elmi Şura üzvləri, elmi işçilər və Şəki REM-in digər əməkdaşları iştirak ediblər. İclası giriş sözü ilə açan Şəki REM-in direktoru, fiz.ü.f.d., dosent Y.H.Şükürlü Elmi Şuranın işinə uğurlar arzu edərək, iclas iştirakçılarını Elmi Şuranın gündəliyi ilə tanış edib. Gündəlik səsə qoyularaq qəbul edilib. Yusif Şükürlü Elmi Şura iştirakçılarını Rəyasət Heyətinin iclası barədə məlumatlandırıb. O, həmçinin noyabr ayında baş tutmalı olan “Regionlarda elmin inkişaf strategiyası Heydər Əliyev zəkasının işığında” mövzusunda Beynəlxalq elmi konfransın müəyyən səbəblərdən 4-5 dekabr 2023-cü il tarixlərində keçiriləcəyini deyib.
Gündəlikdəki birinci məsələ-2023-cü il “Heydər Əliyev ili” ilə bağlı Şəki REM tərəfindən nəşrə hazırlanan “Görkəmli dövlət xadimi Heydər Əliyev və Şəki” kitabının ilkin variantına baxış keçirilməsi haqqında ŞREM-in Tarix, arxeologiya və epiqrafika şöbəsinin baş elmi işçisi, ped.e.d., prof. Firədun İbrahimov danışıb. O, kitabın əhatə etdiyi məsələləri nəzərə çatdırıb və əlavə edib ki, kitab birgə səy və əməyin məhsuludur.
Mərkəzin Elmi katibi Vəfa Atayeva AMEA-nın Rəyasət Heyətinin 10 oktyabr 2023-cü il tarixli 18/8 saylı qərarına əsasən AMEA-nın elmi tədqiqat institutlarında və respublikanın digər elm və ali təhsil müəssisələrində 2023-cü ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar haqqında qərarı ilə Elmi Şura iştirakçılarını tanış edib. Məlumat olaraq bildirib ki, şöbələr İllik hesabatları 20 noyabr 2023-cü il tarixinədək Elmi katibə təqdim etməlidirlər.
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Reyhan Mənəfova “Elmi nəşrlər” nəşriyyat evinin Google scholar profilindəki h və i10 indekslərinin səviyyəsinin optimallaşdırılması, elmi statusların yüksəldilməsi və nəşrlərə dəstək istiqamətində əməkdaşlıq haqqında məktubunu səsləndirib. Məktubda sözügedən Şirkətlə AMEA-nın Şəki REM-i arasında memorandum imzalanması təklif olunur. Elmi Şuranın qərarına əsasən elmi işçilər təqdim olunan sayta daxil olmaqla məsələ ilə dərindən tanış ola bilərlər. Yalnız bundan sonra növbəti Elmi Şurada memorandumun imzalanıb-imzalanmayacağı barədə qərar qəbul olunacaqdır.
Elmi-texniki informasiya şöbəsinin baş mütəxəssisi Günel Musayeva gündəlikdəki dörd və beşinci məsələlər barədə məlumat verərək bildirib ki, “Heydər Əliyev ili” çərçivəsində 2023-cü ilin IV rübü ərzində 3 tədbirin keçirilməsi nəzərdə tutulub, bunlardan birinin oktyabr, digər ikisinin noyabr ayında keçirilməsi planlaşdırılıb. O, həmçinin “Regionlarda elmin inkişaf strategiyası Heydər Əliyev zəkasının işığında” mövzusunda Beynəlxalq elmi konfransla bağlı daxil olan tezis və məqalələrin cari vəziyyəti haqqında da məlumat verib. Qeyd edib ki, hazırda elanda qeyd edilən elektron poçt ünvanına 34 tezis və məqalə daxil olub. Bunların içərisində Azərbaycanla yanaşı, Özbəkistan, Qazaxstan, Tacikistan, İndoneziya, Rusiya ölkələrindən də tezis və məqalələr göndərilib.
Gündəlikdəki cari məsələlər-Tut ipəkqurdunun seleksiyası şöbəsinin elmi işçiləri Zərintac Şükürovanın Ekoloji biofizika şöbəsinə və Aqil Mustafayevin Ekoloji coğrafiya şöbəsinə və Tarix, arxeologiya və epiqrafika şöbəsinin elmi işçisi Ələddin Sultanovun böyük elmi işçi vəzifəsinə keçirilməsi haqqında Mərkəzin İnsan resursları şöbəsinin müdiri Ülviyyə Osmanova məlumat verib.