Akademik İsa Həbibbəylinin doğum günüdür
Okt 16, 2023 | 12:00

16 oktyabr 2023-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, filologiya elmləri doktoru, akademik, Azərbaycan Respublikasının əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü İsa Həbibbəylinin 74 yaşı tamam olur. Bu münasibətlə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, f.ü.f.d., dos. Yusif Şükürlü və ŞREM-in kollektivi adından akademik İsa Həbibbəylini təbrik edir, ona sağlıqlı və uzun ömür, elmi fəaliyyətində uğurlar arzulayırıq.

Həbibbəyli İsa Əkbər oğlu 16 oktyabr 1949-cu ildə Naxçıvan MR Şərur ra­yo­­nu­nun Danzik kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Naxçıvan Filialını “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1971-1975-ci illərdə Naxçıvan MR Şərur rayonunun Danzik kənd məktəbində əmək fəaliyyətinə başlayıb. 1975-1996-cı illərdə Naxçıvan Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olub, Tələbə Elmi Cəmiyyətinin sədri (1968-1971, 1975-1990), 1991-1996-cı illərdə elmi işlər üzrə prorektor işləyib, 1996-2013-cü illərdə həmin universitetin rektoru olub. 2013-2019-cu illərdə AMEA-nın vitse-prezidenti, 2019-2021-ci illərdə birinci vitse-prezidenti, 2021-2022-ci illərdə vitse-prezidenti olub. 2022-ci ilin oktyabrın 25-də AMEA-nın Ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilərək, 26 oktyabr 2022-ci il tarixində ölkə başçısı tərəfindən bu vəzifəyə təsdiqlənib.

AR “Əməkdar elm xadimi” fəxri adına (1999), “Şöhrət” (2007), “Şərəf” (2009),­ 1-ci dərəcəli “Vətənə xidmətə görə” (2019) ordenlərinə, AYB-nin “Rəsul Rza mükafatı”na, Beynəlxalq Türk Akademiyasının qızıl, gümüş medallarına və digər medallara, “Tələbələrin elmi tədqiqat işlərinin ən yaxşı təşkilin görə” döş nişanına layiq görülüb. Oksford Universitetinin “Elmdə ad” və Beynəlxalq Sokrat mükafatlarının laureatıdır.

Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun (1999), Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü (2001), Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının (2006) və Beynəlxalq Çingiz Aytmatov Akademiyasının həqiqi üzvü (2018), Sankt-Peterburq (2015) və Cənubi Rusiya universitetlərinin (2017), Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin (2021) fəxri doktorudur.