AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Qazaxıstan Elmlər Akademiyasının fəxri üzvü seçilib
Okt 11, 2023 | 12:00

shrem.az science.gov.az saytına istinadən xəbər verir ki, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli yekdilliklə Qazaxıstan Elmlər Akademiyasının fəxri üzvü seçilib.

Bu barədə məlumatı Rəyasət Heyətinin iclasında AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov diqqətə çatdırıb.

Bununla bağlı AMEA Rəyasət Heyəti adından Qazaxıstan Elmlər Akademiyasına təşəkkür məktubunun ünvanlanacağını söyləyib.

Akademik İsa Həbibbəyli isə öz növbəsində göstərilən etimada görə, Qazaxıstan Elmlər Akademiyasının rəhbərliyinə minnətdarlığını bildirib. Prezident İlham Əliyevin və  Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafı istiqamətində atdığı addımların ölkələrimiz arasında elmi sferada da əlaqələrin genişlənməsinə təkan verdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, bu ilin aprel ayında Prezident İlham Əliyevin Astanaya səfəri çərçivəsində “Azərbaycan Milli Elmlər Akademiyası və Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası arasında elm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. AMEA rəhbəri sözügedən sənədin Azərbaycan-Qazaxıstan elmi əlaqələrinin inkişafına təkan verdiyini söyləyib.