"Anım Günü" münasibətilə şəhid ailələri ilə görüş keçirilib
Sen 29, 2023 | 01:00
29 sentyabr 2023-cü il tarixində Şəki Xan məscidi kompleksində "Anım Günü" münasibətilə şəhid ailələri ilə görüş keçirilib. Görüşdə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Tarix, arxeologiya və epiqrafika" şöbəsinin əməkdaşları Ələddin Sultanov, Elşən Abdurahmanov və Habil Xəlilov iştirak ediblər. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan "Yuxarı Baş" Milli Tarix Memarlıq Qoruğunun direktoru Məmməd Əhmədov qonaqları salamlayıb, tədbirin mahiyyəti, "Anım Günü"nün anlamı, 44 günlük Vətən müharibəsində şəhidlərimizin, qazilərimizin, ordumuzun, əsgərlərimizin rolu haqqında danışıb. Şəki və Oğuz rayonları bölgə qazisi Hacı Kamran Məmmədov çıxış edərək bildirib ki, Azərbaycanın haqq savaşında dövlətin, Ali Baş Komandan İlham Əliyevin rolu əvəzsizdir və məhz onun yeritdiyi düzgün strategiya, diplomatiya nəticəsində torpaqlarımız düşmən tapdağından azad edilib. Sonra Quran oxunub, şəhidlərin ruhlarına dualar edilib. Şəki REM-in "Tarix, arxeologiya və epiqrafika" şöbəsinin elmi işçisi Ələddin Sultanov İslamda, Qurani-Kərimdə şəhidlik zirvəsi haqqında geniş məlumat verib. Tədbirdə iştirak edən "Yuxarı Baş" Milli Tarix Memarlıq Qoruğunun elmi işçisi Zəminə Rəsulova Vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini əks etdirən müəllifi olduğu şeirləri səsləndirib. Şəki REM-in "Tarix, arxeologiya və epiqrafika" şöbəsinin elmi işçisi Elşən Abdurahmanov Qarabağda baş verən proseslər, I və II Qarabağ müharibəsi, onun nəticələri, ordumuzun qələbə əzmi, dövlətin yeritdiyi hərbi taktiki strateji plan və "dövlət-ordu-xalq" həmrəyliyinin birgə nəticəsində torpaqlarımızın işğaldan azad olunması, bu proseslərin davamı olaraq hazırda aparılan anti-terror əməliyyatlarının nəticəsində əldə etdiyimiz uğurlar kimi məsələləri geniş şərh edib. O, şəhidlərimizə minnət borcumuzun olduğunu qeyd edərək, onların ailələrinə Allahdan səbr, qazilərimizə şəfa diləyib.
Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilib.