27 sentyabr- Anım Günü ilə əlaqədar tədbir keçirilib
Sen 27, 2023 | 01:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzin akt zalında 27 sentyabr- Anım Günü ilə əlaqədar tədbir keçirilib. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Şəki REM-in direktoru, f.ü.f.d., dos. Yusif Şükürlü 44 günlük Vətən müharibəsində qəhrəman oğullarımızın göstərdikləri şücaətdən danışıb. O qeyd edib ki, İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazılacaq. ŞREM-in əməkdaşı və 44 günlük Vətən müharibəsinin iştirakçısı Ruslan Səmədov çıxış edərək bildirib ki, Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün çox xoşbəxtdir. Çıxışçı əlavə edib ki, ərazi bütövlüyümüzün əldə edilməsi və xoşbəxt gələcəyimizin təmin olunması uğrunda mübarizədə iştirak edən, onunla çiyin-çiyinə döyüşən, yaralanan və şəhid olan hər bir qəhrəmanın adı tarixə qızıl hərflərlə həkk olunmalı, əsla unudulmamalıdır. "Landşaftşünaslıq" şöbəsinin rəhbəri Hüseyn Mustafabəyli çıxışında Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibədə qələbəyə aparan yolun ön və arxa cəbhədə birləşən xalqın əzm və iradəsindən, həmrəyliyindən keçdiyini qeyd edib. "Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya" şöbəsinin rəhbəri İradə Yusifova çıxış edərək bildirib ki, Azərbaycan ordusunun zəfər yürüşünə tab gətirməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayəti törətmişdir. Lakin bu hadisələrin heç biri xalqın inam və əqidəsini qıra bilməmişdir. "Tarix, arxeologiya və epiqrafika" şöbəsinin əməkdaşı Habil Xəlilov çıxışında Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında "Dəmir yumruq" əməliyyatı ilə cəmi 44 günə torpaqlarımızı işğaldan azad etdiyini, ölkəmizin ərazi bütövlüyünü təmin etdiyini vurğulayıb. "Sənədlərlə iş" şöbəsinin rəhbəri Sevinc Hüseynova, Elmi-texniki informasiya şöbəsinin rəhbəri Namiq Abdurahmanov, "Tarix, arxeologiya və epiqrafika" şöbəsinin kiçik elmi işçisi Ülkər Sərkərova çıxış edərək, tarix yazan şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyiblər.
Sonda şəhidlərimizin əziz xatirəsini əks etdirən videoçarx nümayiş etdirilib.