“Əsrin müqaviləsi” mövzusunda dəyirmi masa keçirilib
Sen 20, 2023 | 10:56
20 sentyabr 2023-cü il tarixində Şəki “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunun təşkilatçılığı və AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşlarının iştirakı ilə Qoruğun inzibati binasında “Əsrin müqaviləsi” adlı dəyirmi masa təşkil edilib. Tədbiri giriş sözü ilə açan Şəki “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunun direktoru Məmməd Əhmədov tədbir iştirakçılarını və qonaqları salamlayıb, tədbirin işinə uğurlar arzulayıb. Çıxış üçün söz Şəki “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunun əməkdaşı Reyhan Məmmədovaya verilib. Reyhan Məmmədova “Azərbaycan neftin tarixi vətənidir” adlı çıxışında Azərbaycanda XIX əsrdə neft sənayesinin tarixi inkişafından, ilk neft quyuları, neft mədənləri və neft emalı haqqında məlumat verib. Daha sonra Şəki “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunun əməkdaşı Sehran Məmmədov “Bakı şəhərində neft bumu memarlığı” mövzulu məruzə ilə çıxış edib. Məruzəçi Bakının “Qafqazın Parisi” adlandırılmasının əsas səbəbi olan qotik, barokko, neoklassik və modern üslublu tikililərin şəhərin ümumi mənzərəsi ilə ahəng təşkil etməsindən, şəhərin müxtəlif ərazilərində yerləşən həmin binaların əsasən alman və polyak memarları tərəfindən tikildiyi üçün Avropa ab-havası təəssüratı yaratmasından, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin hakimiyyəti dövründə inşa edilən memarlıq abidələrinin möhtəşəmliyindən danışıb. AMEA-nın “Tarix, arxeologiya və epiqrafika” şöbəsinin elmi işçisi Elşən Abdurahmanov “Azərbaycan neft sənayesinin inkişaf mərhələləri” mövzulu çıxışında neft sənayesinin keçdiyi inkişaf yoluna nəzər salaraq XIX-XX əsrlərdə neft sənayesində baş verən yeniliklərdən, Azərbaycanda kapitalizmin inkişafında neft sənayesinin rolundan, Sovet hakimiyyətinin ilk illərindən neft sənayesinin diqqət mərkəzində saxlanılmasından, Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə neft sənayesinin inkişafında əldə edilən uğurlardan, Azərbaycan neft maşınqayırması sənayesinin inkişafı məsələlərindən bəhs edib. O, həmçinin əsası dahi Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft strategiyasının Azərbaycanın iqtisadi inkişafına, əhalinin rifah halının yüksəldilməsinə göstərdiyi təsirindən və ölkəmizin siyasi arenada qazandığı uğurlardakı rolundan geniş söhbət açıb. Şəki “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunun elmi işçisi Qafur Ramizli ““Əsrin müqaviləsi” davamlı iqtisadi inkişafa aparan yol” mövzusunda məruzə edib. O, çıxışında qeyd edib ki, dünyanın iri neft şirkətləri arasında imzalanan beynəlxalq müqavilə Azərbaycanda “Yeni neft strategiyasının” uğurla davam etdirilməsinə təkan verib. Qafur Ramizli “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan iqtisadiyyatında dönüş yarandığını, bununla da böyük lahiyələrə start verildiyini də əlavə edib.
Şəki “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunun elmi işçisi Zəminə Rəsulova çıxışında “Azərbaycanda neft hesabına görülən xeyriyyə işləri” mövzusunda çıxış edərək Azərbaycanın İsa Hacınski, M.Nağıyev, H.Z.Tağıyev, N.Aşurbəyova və başqaları kimi neft maqnatları, onların gördükləri xeyriyyə işləri, inşa etdirdikləri binalar, azərbaycanlı tələbələrin xaricdə təhsil ala bilmələri üçün göstərdikləri yardım kimi mühüm məqamlara toxunub. O əlavə edib ki, xeyriyyəçilik ənənəsinin dövlət səviyyətsində davam etdirilməsi, Dövlət Neft Fondunun yaradılması dahi lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir və bugün ölkə Prezidenti cənab İlham Əliyevin davamlı siyasəti imkan verir ki, ölkəmizdə hər il yüzlərlə tələbə məhz bu fondun dəstəyi ilə xaricdə təhsil alsın.