30 avqust 2023-cü il tarixində “Heydər Əliyev və Azərbaycan dili” adlı dəyirmi masa keçirilib
Avg 30, 2023 | 12:00

30 avqust 2023-cü il tarixində Şəki “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunun və AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə  Qoruğun inzibati binasında “Heydər Əliyev və Azərbaycan dili” adlı dəyirmi masa təşkil edilib. Tədbiri giriş sözü ilə açan Şəki “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunun direktoru Məmməd Əhmədov tədbir iştirakçılarını və qonaqları salamlayıb, tədbirin işinə uğurlar arzulayıb. Şəki “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunun elmi işçisi Zəminə Rəsulova “Ümummilli lider Heydər Əliyev və Azərbaycan dili” adlı çıxışında Ulu öndərin Azərbaycana birinci və ikinci rəhbərliyi dövründə ictimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, mədəniyyətin inkişafına da xüsusi diqqət və qayğısından bəhs edib. Azərbaycan dilinin dövlət səviyyəsinə qaldırılması və dilin saflığının qorunması istiqamətində atılan addımları göz önünə çəkib. “İctimaiyyətlə əlaqələr” şöbəsinin rəhbəri Reyhan Mənəfova “Ana dili və milli kimlik” mövzulu məruzəsində doğma dilimizin tarixi inkişaf prosesindən, milli kimliyin formalaşmasında dilin rolu və əhəmiyyətindən danışıb.  Şəki “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunun direktor müavini Vasif Paşayev “Azərbaycan Şumer mədəni əlaqələri” adlı çıxışında qədim Şumer dilində olan sözlərin Azərbaycan türkcəsində olan sözlərlə müqayisəli təhlilini verib.  AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Elmi katibi Elşən Abdurahmanov “Tarixşünaslıqda Alban dili və əlifbası məsələsi” adlı çıxışında Alban əlifbası ilə yazılan kitabələr, artefaktlar, Alban dili və əlifbasının sıradan çıxma səbəbləri haqqında geniş məlumat verib.