Akademik İsa Həbibbəyli TÜBİTAK-ın 60 illiyi münasibətilə professor Hasan Mandala təbrik məktubu ünvanlayıb
İyl 26, 2023 | 02:00

Shrem.az science.gov.az saytının məlumatına istinadən bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Türkiyə Cümhuriyyətinin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) yaranmasının 60 illiyi münasibətilə qurumun rəhbəri, professor Hasan Mandala təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli Hasan Mandal bəy!

Sizi uğurla rəhbərlik etdiyiniz Türkiyə Elmi və Texnoloji Tədqiqatlar Şurasının yaradılmasının 60 illiyi münasibəti ilə ürəkdən təbrik edirəm.

Rəhbəri olduğunuz Türkiyə Elmi və Texnoloji Tədqiqatlar Şurası ötən 60 il ərzində fundamental və tətbiqi elmi tədqiqatları dəstəkləyərək həyata keçirdiyi bir çox layihələrlə qardaş ölkənin iqtisadiyyatının dirçəlməsinə öz misilsiz töhfəsini vermişdir. Həmçinin Türkiyədə biliklər cəmiyyətinin formalaşması, elmin və elm xadimlərinin bütün dövrlərdə öz nüfuzunu qoruması, gənc tədqiqatçıların dəstəklənməsi və onları həvəsləndirərək elmi məktəblərin yaşadılması ənənəsinin davam etdirilməsi kimi addımlar da TÜBİTAK-ın fəaliyyətinin əsas istiqamətlərindən olmuşdur.

Bütün bunlar TÜBİTAK-ın nəinki Türkiyədə, hətta onun sərhədlərindən kənarda, o cümlədən Azərbaycanda da dünyanın aparıcı elm mərkəzlərindən biri kimi qəbul edilməsində mühüm rol oynamışdır.

Sevindirici haldır ki, AMEA ilə TÜBİTAK arasında 2013-cü ildən başlayan əməkdaşlıq əlaqələri çərçivəsində ötən müddət ərzində 4 birgə müsabiqə elan olunmuş, müasir dövrün çağırışlarına uyğun prioritet mövzular üzrə elmi layihələr həyata keçirilmişdir.

Son illərdə, xüsusilə Azərbaycanın Qarabağ – Vətən müharibəsindən sonra ölkələrimiz arasında əlaqələr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq münasibətləri sayəsində strateji müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Bütün bunlar AMEA ilə TÜBİTAK arasında elmi əlaqələrin daha da dərinləşməsinə geniş meydan açır. Hazırda Akademiyanın elmi jurnallarının TÜBİTAK-ın nəzdindəki ULAKBİM-in Dərgi Park elektron baza reyestrinə daxil edilməsi, birgə mərkəzləşdirilmiş elektron kitabxananın təşkili, eləcə də seysmologiya sahəsində əlaqələrin genişləndirilməsi istiqamətlərində qurumlarımız arasında əməkdaşlıq əlaqələri inkişaf etdirilməkdədir.

Hörmətli Hasan Mandal bəy!

Son illərdə TÜBİTAK-ın dünyada nüfuzunun daha da artmasında Sizin quruma bacarıqla rəhbərlik etməyinizin də böyük rolu və əhəmiyyəti vardır.

Bir daha görkəmli elm xadimi və böyük elm təşkilatçısı kimi şəxsən Sizi, rəhbərlik etdiyiniz kollektivi və qardaş ölkənin elm xadimlərini TÜBİTAK-ın 60 illik yubileyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası adından təbrik edir, fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram.

Hörmətlə,

İsa Həbibbəyli,

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti,

Milli Məclisin deputatı, akademik”