AMEA-nın vitse-prezidentinin xidmətinin elmi katibi Afiq Məmmədovun 60 illik yubileyidir
İyl 27, 2023 | 04:00

Shrem.az science.gov.az saytına istinadən xəbər verir ki, AMEA-nın vitse-prezidentinin xidmətinin elmi katibi, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Afiq Məmmədovun 60 yaşı tamam olur.

Afiq Tofiq oğlu Məmmədov 1963-cü il iyul ayının 27-də Füzuli rayonunun Qarakollu kəndində anadan olmuşdur. 1986-cı ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini bitirmişdir. 1987-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasında, 2016-cı ildən AMEA-nın Rəyasət Heyəti aparatında çalışır. O, ötən müddət ərzində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin və müvafiq sahə institutlarının elmi və elmi-təşkilati fəaliyyətinin əlaqələndirilməsində, milli strategiya, Dövlət proqramları və s. tapşırıqların icrasında, illik hesabatların hazırlanmasında, institutlara elmi-metodiki yardım göstərilməsində, AMEA və bölmə tərəfindən keçirilmiş onlarla elmi konfrans, konqres, seminar və s. tədbirlərin, bölmənin Ümumi yığıncaqlarının, Elmi şura iclaslarının təşkilində fəal iştirak etmişdir. AMEA Rəyasət Heyətinin qərarları ilə 2022-ci ildə Fəxri fərmanla, 2023-cü ildə Azərbaycan Respublikasının “Qırmızı kitab”ının III nəşrinin elmi mətninin hazırlanmasında fəaliyyətinə və elmin populyarlaşdırılmasında xidmətinə görə Fəxri diplomla təltif edilmişdir.

Aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Afiq Məmmədov Azərbaycanın bitki genetik ehtiyatları üzrə informasiya sisteminin yaradılması ilə bağlı tədqiqat işləri aparmış və mühüm nəticələr əldə etmişdir. O, 2005-2016-cı illərdə Azərbaycanda bitki genetik ehtiyatları üzrə milli şəbəkənin, Milli İnformasiya Mübadiləsi Mexanizminin yaradılaraq dünya, beynəlxalq sistemlərə inteqrasiya olunmasında, bir neçə internet platformasının, eləcə də Cənubi Qafqaz və Mərkəzi Asiya regional məlumat bazasının yaradılmasında və təkmilləşdirilməsində, 2006-2015-ci illərdə genetik ehtiyatlarla bağlı ölkə hesabatlarının hazırlanmasında iştirak etmişdir.

Afiq Məmmədov 30-dan çox beynəlxalq elmi tədbirdə Azərbaycanı təmsil etmiş, bir neçə beynəlxalq seminar və təlim kursunun aparıcısı, Qırğızıstan, Tacikistan və Türkiyə respublikalarında bitki genetik ehtiyatları üzrə informasiya sistemlərinin yaradılması və ölkə hesabatlarının hazırlanması layihələrində FAO-nun beynəlxalq eksperti olmuşdur. 1 beynəlxalq qrant layihəsinə rəhbərlik etmiş, bir neçə yerli və beynəlxalq layihənin iştirakçısı olmuşdur. O, 50-dən çox elmi əsərin, 4 kitabın müəllifi və 1 monoqrafiyanın həmmüəllifidir.

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, f.ü.f.d., dos. Y.H.Şükürlü və Mərkəzin kollektivi adından Afiq Məmmədovu təbrik edir, ona ona uzun ömür, cansağlığı və uğurlar arzulayırıq.