AMEA-nın Şəki Regional Elmi Mərkəzi və AYB-nin Şəki bölməsinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bölgə yazarlarının yaradıcılığında Heydər Əliyev obrazı” mövzusunda ədəbi-mədəni tədbir keçirilib
İyl 26, 2023 | 12:00
26 iyul 2023-cü il tarixində Şəki Rayon Heydər Əliyev Mərkəzində AMEA-nın Şəki Regional Elmi Mərkəzi və AYB-nin Şəki bölməsinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bölgə yazarlarının yaradıcılığında Heydər Əliyev obrazı” mövzusunda ədəbi-mədəni tədbir keçirilib.
Öncə Ulu öndərin abidəsi önünə tər güllər qoyulub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri AMEA-nın elmi işlər üzrə direktor müavini, bio.ü.f.d. Fərhad Əzizov açıb. Qeyd edib ki, Şəki REM-də Ulu öndərin xatirəsinə həsr olunmuş silsilə tədbirlər respublikamızda keçirilən silsilə tədbirlərin bir hissəsidir. O, tədbirin işinə uğurlar diləyib və bu cür tədbirlərin davamlı olacağını nəzərə çatdırıb.
AYB-nin Şəki bölməsinin sədri, görkəmli şair, yazıçı, dramaturq Vaqif Aslan “Heydər Əliyev şəxsiyyətinə baxış” adlı çıxışında Ulu öndərin qeyri-adi zəkası, fitri istedadı, müdrikliyi ilə müasir dünya tarixində parlaq izlər qoyduğunu vurğulayıb. Bu gün də dünya siyasətçilərinin Ümummilli liderin dövlətçilik təcrübəsindən faydalandıqlarını mühüm faktlarla diqqətə çatdırıb.
“Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya” şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Kamil Adışirinov “Heydər Əliyev və İlham Əliyevin mədəniyyət və ədəbiyyat siyasətində Şəki” adlı məruzə ilə çıxış edib. Ulu öndər Heydər Əliyevin Azərbaycanda bütün sahələrin inkişafında olduğu kimi, mədəniyyət və ədəbiyyat sahəsinin çiçəklənməsində, o cümlədən, Şəkidə mətbuatın, teatrın, ədəbiyyatın formalaşmasında və inkişaf etməsində Heydər Əliyevin müstəsna rolunun və qayğısının danılmaz fakt olduğunu nəzərə çatdırıb.
Bölgə yazarlarının Balakən nümayəndəsi, “Çeşmə” Ədəbi Birliyinin sədri Nəsihət Vahidova “Heydər Əliyevin yazarlara münasibəti” başlıqlı çıxışında Heydər Əliyevin ədəbiyyata verdiyi dəyər və qiymət, göstərdiyi diqqət və qayğıdan danışıb. Sonda Ulu öndərin xatirəsinə həsr etdiyi şeiri ifa edib.
Şəki REM-in “Gənc Alim və Mütəxəssislər Şurası”nın sədri, “Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya” şöbəsinin kiçik elmi işçisi Tural Adışirinov “Çağdaş şeirimizdə Heydər Əliyev obrazı” adlı məruzəsində Ulu öndər Heydər Əliyevin çağdaş Azərbaycan poeziyasında, nəsrində və dramaturgiyasında təsvir edilən bədii portretini nümunələr və detallar əsasında nəzərə çatdırıb.
Tədbirə dəvət edilən bölgənin yazarları Solmaz Elqızı “Hər zaman səninlə vurar ürəyim”, Yusif Rzayev “Siyasi loğmandır Heydər Əliyev”, Adilə Aslanova “Şuşa”, Güldanə Ramazanova “Nə yaxşı ki, bizim Heydərimiz var”, Zaur İlhamoğlu “Nə var ki?”, gənc yazar Elvin Nuri “Azərbaycan memarı”, “Ey xalqın sərkərdəsi”, Reyhan Miqdadqızı “Baxın mənəm, mən Vətənəm” Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş şeirlərini səsləndiriblər. Akif Salamoğlu Heydər Əliyevə həsr etdiyi “Bəraət” pyesinin yaranma tarixçəsindən, Elsevər İsmayılov, Musa Həşimov Ümummilli lider Heydər Əliyevin xalqa, dövlətə olan sonsuz sevgisi və qayğısından, xalqın öz rəhbərinə bəslədiyi rəğbətdən qürurla bəhs ediblər.
Tədbirin sonunda Ümummilli liderin çoxşaxəli fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirin aparıcısı “Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya” şöbəsinin rəhbəri İradə Yusifova qonaqlara iştirak etdikləri üçün minnətdarlığını bildirib və hər kəsi çay süfrəsinə dəvət edib.
Çay süfrəsi ətrafında Əfqan Rəhmanov qədim musiqi alətimiz olan tənburda gözəl musiqilər ifa edib.