AMEA-nın Şəki REM-nin növbəti Elmi şura iclası keçirilib
İyl 21, 2023 | 12:00

21 iyul 2023-cü il tarixində AMEA-nın Şəki REM-nin növbəti Elmi şura iclası keçirilib. İclası giriş sözü ilə açan Şəki Regional Elmi Mərkəzin direktoru, fiz.riy.üzrə fəlsəfə doktoru, dosent Y.Şükürlü şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib, gündəlik səsə qoyularaq qəbul olunub.

Dosent Yusif Şükürlü Şura iştirakçılarını AMEA Rəyasət Heyətinin 12 iyul 2023-cü il tarixli yığıncağının Şəki REM-in strukturunda qismən dəyişikliklər barədə 16/14 saylı qərarı ilə tanış edib. Qeyd edib ki, Rəyasət Heyətinin bu qərarı şəxsən AMEA-nın prezidenti İsa Həbibbəylinin Şəki REM-ə olan diqqətinin nəticəsidir və bizə göstərilən etimadı doğrultmaq bizim borcumuzdur.

Sonra ped.elmləri doktoru, professor F.İbrahimov “Görkəmli dövlət xadimi Heydər Əliyev və Şəki - ipəkçiliyin intibahı” kitabının nəşrə hazırlanmasında görülən işlər barədə məlumat verib. O nəzərə çatdırıb ki, kitabın hazırlanması üçün işçi qrupu artıq müəyyən edilib, birlikdə bu barədə müzakirələr və iş bölgüsü aparılıb. Professor əlavə edib ki, kitabın hazırlanmasında əsas məqsəd gerçək hadisələrin tarixiləşdirilib sonrakı nəsillərə ərmağan edilməsidir. Bu mənada gerçəyi şərh etmək üçün onun elə bir elementini götürmək lazımdır ki, tamın xassəsini pozmamış olsun, deyə professor əlavə edib.

Elmi şuraya qonaq qismində dəvət edilən və “Görkəmli dövlət xadimi Heydər Əliyev və Şəki-ipəkçiliyin intibahı” kitabının işçi qrupuna daxil edilən M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin əməkdaşı Aydın Məmmədov çıxışında kitabın hazırlanmasında arxiv materialları, “Şəki fəhləsi”, “İpəkçi” qəzetlərindən də istifadə edilməsinin məqsədəuyğunluğunu vurğulayıb və bu işdə əməli kömək göstərəcəyini vəd edib.

“Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya” şöbəsinin rəhbəri İ.Yusifova AMEA Rəyasət Heyətinin 16/5 saylı qərarını səsləndirib və qərarın 3-cü bəndinə əsasən “Qobrova və Şəki yumoru” mövzusunda tədqiqatların aparılması üçün işçi qrupunun yaradıldığını, iş bölgüsünün aparıldığını qeyd edib.

Daha sonra “Ekoloji coğrafiya” şöbəsinin rəhbəri Yusif Rəhimov şöbənin böyük elmi işçisi Qafqaz Ağabalayevin aparıcı elmi işçi vəzifəsinə irəli çəkilməsi ilə bağlı təqdimatın mətnini Şura üzvlərinin diqqətinə çatdırıb. Y.Rəhimov qeyd edib ki, təqdimatın həllinin hüquqi baxımdan mümkünlüyü Azərbaycan Respublikası Əmək və  Əhalinin  Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 30 avqust 2017-ci il tarxili 12 № li qərarı ilə təsdiq edilmiş “Elm və elmi xidmət sahəsinə aid qulluqçı vəzifəsinin Vahid Tarif-ixtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Sonda gündəlikdəki cari məsələlərin müzakirəsi aparılıb, müzakirə edilən məsələlərlə bağlı qərarlar qəbul olunub.