AMEA-nın Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü” mövzusunda elmi konfrans keçirilib
İyl 18, 2023 | 12:00

Shrem.az www.science.gov.az saytına istinadən xəbər verir ki, AMEA-nın Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü” mövzusunda elmi konfrans keçirilib.

Məruzələrdə XIX əsrdə tarixi ərazilərimizin Rusiya və İran arasında bölüşdürülməsindən, xüsusilə ötən əsrin 20-ci illərində əzəli Azərbaycan torpaqlarında yaradılan Ararat Respublikası və sonrakı dövrdə xalqın iradəsinə zidd olaraq ermənilərə pay verilən torpaqlarımız barədə məlumat verilib.

Qeyd olunub ki, uzaqgörən lider Heydər Əliyev məsul vəzifələrdə çalışarkən, eləcə də ölkəmizə rəhbərliyinin hər iki dövründə ərazi bütövlüyü məsələsinə xüsusi həssaslıqla yanaşmış, bu məsələni daim diqqətdə saxlamış, hələ sovet hakimiyyəti dönəmində ermənilərin əsassız ərazi iddialarının qarşısını qətiyyətlə almışdır.

Məruzələrdə, həmçinin Ümummilli Liderin ordu quruculuğu sahəsində apardığı islahatlardan, yüksək peşakarlığa malik hərbçilərin hazırlanması məqsədilə gördüyü işlərdən və həmin tədbirlərin bugünkü nəticələrindən bəhs olunub. Ulu Öndərin Lissabon və Budapeşt sammitlərində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səsləndirdiyi fikirlər də diqqətə çatdırılıb.

Vurğulanıb ki, Heydər Əliyevin qətiyyətli mövqeyi ərazi bütövlüyümüzün qorunması və bərpası ilə bağlı dünya liderləri ilə danışıqlarında, tribunalarda etdiyi çıxışlarında, müxtəlif beynəlxalq təşkilatların gündəliyində əksini tapmışdır. Məhz Heydər Əliyevin dünyaya çatdırdığı Azərbaycan reallıqları, tarixi həqiqətlər bu gün öz bəhrəsini vermişdir. Ulu Öndər Heydər Əliyev onilliklərin işini qısa zaman diliminə sığdırmağı bacarmış, beynəlxalq əlaqələri genişləndirməklə xarici investorları ölkəyə cəlb etmiş, Azərbaycanın gələcək inkişafının qarantı olmuşdur.