14 iyul 1969-cu il Azərbaycanın təməlinin qoyulduğu gün
İyl 14, 2023 | 12:00

14 iyul 2023-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş “14 iyul 1969-cu il müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda seminar keçirilib. Seminarı giriş sözü ilə açan Şəki REM-in elmi işlər üzrə direktor müavini Fərhad Əzizov iştirakçıları tədbirin gündəliyi ilə tanış edərək, ulu öndər Heydər Əliyevin Azərbaycana birinci və ikinci rəhbərliyi dövründə siyasi, mədəni, sosial-iqtisadi sahələrdə aparılan islahatlardan danışıb, dövlətin və dövlətçiliyin qorunub saxlanması və inkişaf etdirilməsində misilsiz xidmətlərini diqqətə çatdırıb.

 “Tarix, arxeologiya və epiqrafika” şöbəsinin rəhbəri Rahim Həsənov “Sovet milli siyasətinin stereotipini qıran şəxs” adlı məruzəsində Heydər Əliyevin unikal şəxsiyyət olduğundan bəhs edib, ümummilli liderin siyasi fəaliyyətinə üç dövr üzrə şərh verib. O qeyd edib ki, Heydər Əliyev Azərbaycan Sovet Təhlükəsizlik Orqanlarında işlədiyi, ilk dəfə hakimiyyətdə olduğu və müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrlərdə hər zaman Azərbaycanın rifahı naminə əvəzsiz xidmətlər göstərmiş, mühüm siyasi addımlara imza atmışdır. Bakı şəhərində ilk dəfə “Bakı Ali Ümumqoşun Komandirlər Məktəbi”nin açılması, Günəşli, Badamdar, Hövsan, Əhmədli yaşayış massivlərinin salınması, 1978-ci ildə ilk dəfə Azərbaycan dilinin dövlət dili olaraq Azərbaycan SSRİ-nin konstitusiyasında yer alması kimi vacib məsələlər ümumilli liderin Azərbaycana məhz birinci rəhbərliyi dövrü fəaliyyətinin mühüm nəticəsidir. Məruzəçi Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldikdən sonrakı fəaliyyətinə də işıq tutub və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin təməlinin məhz ulu öndər tərəfindən qoyulduğunu vurğulayıb.  

“Ədəbi mühit, folklor və etnoqrafiya” şöbəsinin rəhbəri İradə Yusifova “Heydər Əliyev-dünya siyasətinin fenomen liderlərindən biri kimi” başlıqlı məruzə ilə çıxış edib. O bildirib ki, Heydər Əliyevin qətiyyətli addımları Azərbaycanın dünya arenasında etibarlı və güclü müttəfiq kimi mövqeyini möhkəmləndirib.