12 iyul 2023-cü il tarixində AMEA Rəyasət Heyətinin iclası keçirilib
İyl 13, 2023 | 12:00

İclasa AMEA-nın Naxçıvan və Gəncə bölmələri, AMEA-nın Şəki və Lənkəran Regional Elmi mərkəzləri onlayn qoşulub. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli iclas iştirakçılarını gündəlikdəki 18 məsələ ilə tanış edib, gündəlik səsə qoyularaq qəbul olunub. Akademik İsa Həbibbəyli AMEA-nın islahatlar paketi haqqında məlumat verib, müzakirələr aparılıb. AMEA-da “Elektron xidmətlər şöbəsi”nin yaradılmasını, numizmatika və epiqrafika üzrə tədqiqatların vacibliyini nəzərə çatdırıb. Bunun üçün Nazirlər Kabinetinin təsdiq etdiyi 3510 vahid əməkdaş strukturunun daxilində yerdəyişmə aparıla biləcəyini, lakin hələlik yeni kadrların işə qəbulunun mümkün olmayacağını qeyd edib.

Daha sonra filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin “İraq türkmənlərinin mədəniyyəti” adlı elmi məruzəsi müzakirə edilib.

İclasda Rəyasət Heyətinin Ümumi Yığıncağının 28 sentyabr 2023-cü il tarixində çağırılmasına dair qərar qəbul olunub.

Akademik İsa Həbibbəyli 2022-ci ilin noyabr ayında AMEA-nın Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasına (AASSA), dekabr ayında Avrasiya Universitetlər Birliyinə (EURAS), 4 iyun 2023-cü il tarixində Beynəlxalq Elmi Şuraya üzv qəbul olunmasını akademiya üçün beynəlxalq əhəmiyyətli hadisə kimi dəyərləndirib. Akademik bildirib ki, AMEA bundan sonra Beynəlxalq Elmi Səsvermə prosesində tam hüquqa malikdir. Akademik İsa Həbibbəyli çıxışına davam edərək AMEA Tulin Beynəlxalq Elmlər Akademiyasına üzv olmaq üçün müraciət edildiyini, Türkiyə Elmlər Akademiyasına (TÜBA) üzv olmaq barədə razılıq alındığını qeyd edib. Akademik bütün bu gedişlərin əsas qayəsinin Azərbaycan elminin dünya elminə interqrasiyasını təmin etmək olduğunu vurğulayıb.

AMEA prezidenti İsa Həbibbəyli Bolqarıstan Respublikasına elmi səfəri haqda məlumat verib. Azərbaycan Milli Elmlər Akademiyası ilə Bolqarıstan Elmlər Akademiyası arasında qarşılıqlı elmi əməkdaşlığa dair Anlaşma memorandumunun imzalanacağının nəzərdə tutulduğunu qeyd edib. Bolqarıstan Elmlər Akademiyası ilə əməkdaşlıq çərçivəsində “Qobrova və Şəki yumoru” mövzusunda birgə tətqiqatların aparılmasının məqsədəuyğun olduğunu diqqətə çatdırıb.

İclasda 22 sentyabr 2023-cü il tarixində “Nobel mükafatına aparan yol” mövzusunda beynəlxalq konfransın keçirilməsi barədə qərar qəbul olunub.

Rəyasət Heyətinin iclasında AMEA-nın Şəki Regional Elmi Mərkəzinin  “Tarixi irs və etnoqrafiya” şöbəsinin adının dəyişdirilərək “Tarix, arxeologiya, epiqrafiya”, “Folklorşünaslıq və el sənətləri” şöbəsinin adının “Ədəbi mühit, folklor və etnoqrafiya” adı  ilə əvəz edilməsi haqda qərar qəbul olunub. Akademik İsa Həbibbəyli bu qərara şərh verərək, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “Tarixi irs və etnoqrafiya” şöbəsində ixtisaslı mütəxəssislərin yer almasının sevindirici hal olduğunu vurğulayıb və bundan sonra da “Tarix, arxeologiya və epiqrafika” adı ilə fəaliyyətini davam etdirəcək bu şöbənin şimal-qərb bölgəsində elmi əsaslarla, rəsmiləşdirilmiş iş planlarına uyğun şəkildə tədqiqatlar aparacağına ümid etdiyini bildirib.