İyl 11, 2023 | 12:00
11 iyul 2023-cü il tarixində AMEA-nın Şəki REM-nin növbəti Elmi şura iclası keçirilib. Şəki REM-in direktoru, fiz.ü.f.d., dosent Y.H.Şükürlü gündəlikdəki məsələlər barədə Elmi şura iştirakçılarını məlumatlandırıb, gündəlik səsə qoyularaq qəbul edilib.
Dosent Yusif Şükürlü çıxışında AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin 26 iyun tarixində Şəki Regional Elmi Mərkəzə səfəri barəsində geniş məlumat verib. O vurğulayıb ki, akademik İsa Həbibbəyli Şəki REM-də görülən işlərlə yaxından tanış olub. Yusif Şükürlü Akademik İsa Həbibbəylinin “Tarixi irs və etnoqrafiya” şöbəsinin adının dəyişdirilərək “Tarix, arxeologiya və etnoqrafiya” adlandırılması və “Folklorşünaslıq və el sənətləri” şöbəsinin adının “Ədəbi mühit və folklor” adı ilə əvəz olunmasıyla bağlı təklif irəli sürdüyünü qeyd edib. Dosent Yusif Şükürlü prezidentin Şəki REM-də əməkdaşlarla görüşü barədə Elm qəzetinin 7 iyul 2023-cü il tarixli nəşrində geniş şəkildə məlumat təqdim edildiyini əlavə edib. ŞREM-in direktoru Şəkidə beynəlxalq elmi konfransın təşkil edilməsi, ŞREM-in 50 illiyinə həsr edilmiş kitabın nəşr olunması barədə məlumatları Elmi şura iştirakçılarının nəzərinə çatdırıb, müvafiq tapşırıqlarını verib.
Daha sonra ŞREM-in elmi işlər üzrə direktor müavini, biol.ü.f.d. Fərhad Əzizov 2021-2025-ci illər üzrə tədqiqat planına əsasən 19-24 iyun tarixlərində ŞREM-in I yarımil üçün hesabatlarının dinlənildiyini və tədqiqat nəticələrinin lazımi səviyyədə aparıldığını vurğulayıb. Hesabatların dinlənilməsi zamanı müvafiq şöbələrin elmi-tədqiqat planlarının icrası ilə bağlı ortaya çıxan çətinliklərə münasibətini bildirib.
ŞREM-in aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Kamil Adışirinov Ümummilli liderin anadan olmasının 100 illiyi ilə bağlı Elmi Mərkəzin hazırladığı Tədbirlər planında yer alan “Bölgə yazarlarının yaradıcılığında Heydər Əliyev obrazı” adlı regional tədbirin təşkili barədə məlumat verib. Müzakirələr aparıldıqdan sonra tədbirin B.Vahabzadənin ev muzeyində təşkil edilməsi, bölgə yazarlarının tədbir haqqında məlumatlandırılması və iştirakının təmin edilməsi barədə qərar qəbul olunub.
ŞREM-in Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Tural Adışirinov 26 iyun-1 iyul 2023-cü il tarixində Şəkidə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və AMEA-nın Gənc Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə keçirilmiş “Gənc alimlərin innovativ ideya düşərgəsi” haqqında məlumat verib. O qeyd edib ki, düşərgədə 7 mövzu üzrə maarifləndirici seminarlar təşkil edilib. Yay düşərgəsində Şəki REM-in iki əməkdaşının iştirakçı qismində təmsil olunduğunu və sertifikatla təltif edildiyini diqqətə çatdırıb.
ŞREM-in “Elmi-texniki informasiya” şöbəsinin baş mütəxəssisi Günel Musayeva ETİ-nin Aqrokimya və Torpaqşünaslıq İnstitutu ilə əməkdaşlığın perspektivliyi haqda məlumat verib. O bildirib ki, həmin institutda Torpaqların ekologiyası beynəlxalq laboratoriya, eyni zamanda, səyyar laboratoriya mövcuddur və onlar qarşılıqlı əməkdaşlıq çərçivəsində bir sıra analizlərin aparılmasında Şəki REM-ə köməklik göstərə bilərlər. Elmi şura üzvlərinin çıxış və təkliflərindən sonra Aqrokimya və Torpaqşünaslıq İnstitutu ilə əməkdaşlıq haqda qərar qəbul edilib.
Şura yığıncağnda Elmi Mərkəzin “İctimaiyyətlə əlaqələr” şöbəsinin rəhbərliyində dəyişiklik edilməsi ilə bağlı müzakirə aparılıb və ŞREM-in “Tarixi irs və etnoqrafiya” şöbəsinin elmi işçisi Reyhan Mənəfovanın şöbəyə rəhbər təyin olunması münasib hesab edilib.








