AMEA-nın prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli Şəki REM-də olub
İyn 26, 2023 | 12:00

26 iyun 2023-cü ildə AMEA-nın prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli AMEA-nın Şəki Regional Elmi Mərkəzində olub. Akademik İsa Həbibbəyli görüş iştirakçılarını salamladıqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələr günü və Müqəddəs Qurban bayramı münasibətilə əməkdaşları təbrik edib. Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar cari ildə AMEA-da həyata keçirilən və keçirilməsi nəzərdə tutulan genişmiqyaslı tədbirlər, nəşr edilən kitablar barədə məlumat verib. Ümummilli lider Heydər Əliyevin elmi-nəzəri ideyalarına, ölkə rəhbəri İlham Əliyevin yeritdiyi qlobal elm siyasətinə və XXI əsrin çağırışlarına uyğun şəkildə Milli Elmlər Akademiyası sistemində aparılan islahatları diqqətə çatdırıb.

Şəki REM-in direktoru, fiz.ü.f.d., dosent Yusif Şükürlü AMEA-nın prezidentini rəhbərlik etdiyi müəssisənin kollektivi adından salamlayıb, onun gəlişini Elmi Mərkəzin əməkdaşları üçün əlamətdar hadisə kimi qiymətləndirib. Dosent Y.H.Şükürlü cari ildə Şəki REM-in müvafiq şöbələrində həyata keçirilən elmi-tədqiqat planlarının vəziyyəti barədə Akademiya prezidentini məlumatlandırıb. Sonra Elmi Mərkəzin elmi heyəti ilə elmi və elmi-təşkilati fəaliyyətin icrası, mövcud problemlər barədə fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib. Akademik İsa Həbibbəyli verilən məlumatlara, edilən təkliflərə öz münasibətini bildirib, görüş zamanı qeyd edilən problemlərin AMEA-nın Rəyasət Heyətinin növbəti yığıncağında müzakirə ediləcəyini və müvafiq qərarların qəbul ediləcəyini vurğulayıb. O, həmçinin Ümümmilli lider Heydər Əliyevin Şəkiyə səfərlərini, iqtisadi və mədəni inkişafın təmin edilməsində dahi şəxsiyyətin əvəzsiz rolunu əsas gətirərək, “Heydər Əliyev və Şəki” adlı kitabın ilin son rübünədək nəşrə hazırlanmasını tövsiyə edib. Bolqarıstanın Qobrovo şəhəri ilə qardaşlaşan Şəkinin yumorunun geniş həcmdə topanması və nəşrə hazırlanmasının zəruriliyi akademik tərəfindən ifadə olunub.

Daha sonra akademik İsa Həbibbəyli “Tut ipəkqurdunun seleksiyası” şöbəsinin elmi-tədqiqat işləri ilə yaxından tanış olub, tövsiyyələrini verib.

Görüşün sonunda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Şəki REM əməkdaşları ilə xatirə şəkli çəkdirib.