21 aprel 2023-cü il tarixində AMEA-nın Şəki REM-nin növbəti Elmi Şura yığıncağı keçirilib
Apr 21, 2023 | 12:00

21 aprel 2023-cü il tarixində AMEA-nın Şəki REM-nin növbəti Elmi Şura yığıncağı keçirilib. İclası açan Şəki REM-in direktoru fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü gündəlikdəki məsələlərlə Şura üzvlərini tanış edib, Elmi şuranın işinə uğurlar arzu edib. O, Elmi Mərkəzin mövcud strukturunun AMEA Rəyasət Heyətinə təqdim edildiyini və struktur dəyişikliyi ilə bağlı nəticələrin gözləndiyini bildirib.

Mərkəzin elmi işlər üzrə direktor müavini, biol.ü.f.d. F.Əzizov  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2023-cü ili “Heydər Əliyev” ili elan edilməsi ilə bağlı Şəki REM tərəfindən may ayı ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında məlumat verib.

Elmi mərkəzin elmi katibi E.Abdurahmanov “AMEA-nın 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti və qarşıda duran vəzifələr haqqında” Ümumi Yığıncağın 16 mart 2023-cü il tarixli 1/1 №-li Qərarının 3.12. və 3.16. bəndlərinin icrası barədə məlumat verib. O qeyd edib ki, həmin bəndlərdə görkəmli tarixi şəxsiyyətlərin, elm və mədəniyyət xadimlərinin, ədəbi-tarixi şəxsiyyətlərin həyat və fəaliyyətlərinin, xidmətlərinin tədqiqi prioritet istiqamətlərdən biri kimi müəyyən edilib, plan işlərinə daxil edilməsi tövsiyyə olunub. Qərardan irəli gələn məsələlərin icrası istiqamətində Şəki Yuxarı Baş Dövlət Memarlıq Qoruğu ilə birgə görkəmli ictimai-dini xadim, təfsirçi alim Ayətullah Axund Fərəcullah Pişnamazzadənin irsi ilə bağlı cari ilin may ayının 15-də “Alimlər peyğəmbərlərin varisləridir” adlı elmi-praktik konfransın təşkil edilməsi nəzərdə tutulub. E.Abdurahmanov bildirib ki, proqram hazırlanıb, məruzəçilər və məruzə mövzuları müəyyən olunub.

Gündəlikdəki növbəti məsələ - Özbəkistan Respublikasına elmi ezamiyyə ilə bağlı “Tut ipəkqurdunun seleksiyası” şöbəsinin rəhbəri biol.ü.f.d., dosent Qüdürət Bəkirov hesabat verib. O bildirib ki, 09-16 aprel 2023-cü il tarixində Özbəkistan Respublikasında elmi ezamiyyədə olduğu müddətdə Daşkənd İpəkçilik və Qaragülçülük  İnstitutu ilə əməkdaşlıq haqqında müqavilə bağlanıb. Müqaviləyə əsasən, Şəki REM-in “Tut ipəkqurdunun seleksiyası” şöbəsində və Daşkənd İpəkçilik və Qaragülçülük İnstitutunda mövcud olan ipəkqurdu cinslərinin mübadiləsi həyata keçirilib. Elmi ezamiyyə müddətində Daşkənd şəhərində fəaliyyət göstərən müxtəlif elmi-tədqiqat müəssisələrinin rəhbərliyi ilə görüşlər keçirilib və onların təcrübəsi ilə tanışlıq əldə edilib. Şəki REM-in bu istiqamətdə əldə etdiyi təcrübə və elmi nəticələr haqqında həmin müəssisələrin əməkdaşlarına məlumat verilib. Elmi-tədqiqat mübadiləsinin gələcəkdə də davam etdirilməsinin nəzərdə tutulduğu vurğulanıb.

“Tarixi irs və etnoqrafiya” şöbəsinin rəhbəri Rahim Həsənov “Şəkinin orta əsrlər tarixi” əsərinin çapa hazırlanması barədə Şura üzvlərinə məlumat verərək bildirib ki, Cənubi azərbaycanlı ziyalı, demokratik hərəkatın iştirakçısı, Demokrat partiyasının liderlərindən biri, hərbi təyyarəçi Tağı Musəvinin “Şəkinin orta əsrlər tarixi” əsəri M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin əməkdaşı Aydın Məmmədovla birgə kitab şəklində tərtib olunub. Əsərdə Şəki tarixi ilə bağlı bir çox hadisələrə şərhlər verilib, Şəkinin orta əsrlər tarixi ilə bağlı bir sıra mənbələr fars və ərəb dilindən tərcümə olunaraq kitaba daxil edilib. Şəki tarixi ilə bağlı indiyədək işıq üzü görməyən nüanslar işıqlandırılıb. O bildirib ki, kitabın baş redaktoru H.Əliyev adına Ali Komandirlər Məktəbinin kafedra müdiri, polkovnik, t.e.d.. professor Mehman Süleymanov, rəyçilər AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi, t.ü.f.d., dosent Rəşad Mustafa və ADPU-nun Şəki filialının “Humanitar fənlər” kafedrasının müdiri, t.ü.f.d.  Vüsal Baxışovdur.

Sonra gündəlikdəki cari məsələlərin müzakirəsi aparılıb, müzakirə edilən məsələlərlə bağlı qərarlar qəbul olunub.