AMEA-nın Şəki Regional Elmi Mərkəzinin və Şəki şəhər 4 №-li musiqi məktəbinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda intibah dövrü” adlı tədbir keçirilib
Apr 17, 2023 | 12:00

15 aprel 2023-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin və Şəki şəhər 4 №-li musiqi məktəbinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda intibah dövrü” adlı tədbir keçirilib. Tədbirdə Şəki REM-in “Tarixi irs və etnoqrafiya” şöbəsinin əməkdaşları Reyhan Mənəfova “Azərbaycanın dövlət müstəqilliyi, milli intibahın inkişafı və Heydər Əliyev şəxsiyyəti”, Habil Xəlilov “Heydər Əliyev siyasəti və Azərbaycanda milli-mənəvi dəyərlər” adlı məruzələrlə çıxış ediblər. Məruzələrdə Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində və dövlət quruculuğu istiqamətində aparılan islahatlarda, milli intibahın tərəqqisində, milli-mənəvi dəyərlərin qorunması və təbliğində ulu öndərin uğurlu fəaliyyətindən bəhs olunub. Qeyd edilən istiqamətlərdə məqsədyönlü siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyi vurğulanıb.

Şəki şəhər 4 №-li musiqi məktəbinin direktor əvəzi Sevil Qurbanova və şöbə müdiri Fərqanə Salamova məruzə ətrafında çıxış edərək, ümummilli liderin zəngin dövlətçilik təcrübəsi sayəsində Azərbaycanda milli birliyə və inkişafa nail olunduğunu, digər sahələrlə yanaşı, milli mədəniyyətin və incəsənətin dövlət himayəsinə alındığını qeyd ediblər. Sevil Qurbanova tədbirin yüksək səviyyədə həyata keçirilməsində əməkdaşlıq etdikləri üçün Şəki REM-in rəhbərliyinə öz təşəkkürlərini çatdırıb.