30 mart 2023-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin növbəti Elmi Şura iclası keçirilib
Mart 30, 2023 | 12:00

30 mart 2023-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin növbəti Elmi Şura iclası keçirilib. İclası açan Şəki REM-in direktoru fiz.ü.f.d., dosent Y.H.Şükürlü gündəlikdəki məsələlərlə Şura üzvlərini tanış edib. Gündəlik səsə qoyulub və qəbul edilib. Şəki REM-in direktoru Y.H.Şükürlü gündəlikdəki  birinci məsələ - “AMEA-nın 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti və qarşıda duran vəzifələr haqqında” AMEA-nın Ümumi Yığıncağının Qərarı ilə tanış edib. O bildirib ki, Ümumi Yığıncağın Qərarında əks olunan müddəaların icrası istiqamətində işlərin aparılması zəruridir və bu baxımdan Şəki REM-in üzərinə də məsuliyyət düşür. Şəki REM-in cari ildəki fəaliyyətinin tənzimlənməsində həmin Qərarın mühüm əhəmiyyətinin olduğu qeyd olunub.

Şəki REM-in Elmi işlər üzrə direktor müavini biol.ü.f.d., F.Əzizov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2023-cü ili “Heydər Əliyev İli” elan etməsi ilə bağlı Şəki REM tərəfindən keçiriləcək silsilə tədbirlər haqqında məlumat verib. O bildirib ki, tədbirlər regional xarakter daşıyır və onların icrası üçün yaradılmış Təşkilat Komitəsi fəaliyyətini gücləndirməlidir.

Şəki REM-in Elmi katibi E.Abdurahmanov gündəlikdəki digər məsələlər- AMEA Rəyasət Heyəti Aparatının “Elektron Akademiya” şöbəsinin prioritetləri və vəzifələri haqqında” AMEA Rəyasət Heyətinin 14 fevral 2023-cü il tarixli 8/14 №-li və 27 mart-“Elm günü” haqqında AMEA Rəyasət Heyətinin 23 fevral 2023-cü il tarixli 9/4 №-li Qərarları ilə bağlı məlumat verib. Qərarlarda qeyd edilən müvafiq bəndlərin Şəki REM tərəfindən icra edilməsi ilə əlaqədar müzakirələr aparılıb.

Sonra Gündəlikdəki cari məsələlər müzakirə edilib və qeyd edilən məsələlərlə bağlı qərarlar qəbul olunub.

Sonda 2022-ci ildə Beynəlxalq elmmetrik bazalarda məqalələri dərc olunmuş əməkdaşlar “Fəxri Fərman”larla təltif  ediliblər və 27 mart “Elm günü” münasibətilə elmi və işgüzar fəaliyyətilə fərqlənən Şəki REM-in bir qrup əməkdaşının  mükafatlandırılması qərara alınıb.