27-29 mart tarixlərində Şəki şəhər Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və 27 mart “Elm günü” münasibətilə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə “Açıq qapı” günləri keçirilib
Mart 29, 2023 | 12:00

27-29 mart tarixlərində Şəki şəhər Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və 27 mart “Elm günü” münasibətilə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə “Açıq qapı” günləri keçirilib.

“Açıq qapı” günlərinin təşkil olunmasında məqsəd elmin populyarlaşdırılması və kütləviləşdirilməsi istiqamətində əməli fəaliyyəti icra etmək, orta məktəblərin yuxarı sinif şagirdləri, orta ixtisas və ali məktəb tələbələri arasında müxtəlif elm sahələri üzrə  maarifləndirmə işləri aparmaq, gənclərin müasir elmi biliklərə yiyələnməsinə, onlar arasında elmin təşviq edilməsinə nail olmaq, iştirakçılara Elmi Mərkəzin elmi-tədqiqat şöbələrində Şimal-qərb bölgəsi üzrə yerinə yetirilən elmi tədqiqat işləri, alınan ən mühüm elmi nəticələr, uğur və nailiyyətlər haqqında ətraflı məlumat verməkdən ibarət olub.

Martın 27-də Şəki şəhər İcra Hakimiyyətinin, YAP-ın Şəki Rayon Təşkilatının, Şəki Regional Mədəniyyət İdarəsinin və ADPU-nun Şəki filialının rəhbər işçiləri və KİV nümayəndələrinin iştirakı ilə sərginin açılışı və sərgi ilə ilk tanışlıq olub. Növbəti gün Şəki Qoxmuq kənd tam orta məktəbi və Oxud kənd tam və ümumi orta məktəblərinin direktor, müəllim heyəti və yuxarı sinif şagirdlərindən ibarət olmaqla, ümumi sayı 50 nəfər iştirakçı Elmi Mərkəzin təşkil etdiyi sərgiyə baxış keçirib və onlara sərgidə nümayiş etdirilən nümunələr haqqında məlumat verilib. “Açıq qapı” günlərində, 29 mart tarixində Şəki şəhər 5, 7, 9 və 14 saylı tam orta məktəblərin yuxarı sinif şagirləri və müəllim heyəti olmaqla 70 nəfər sərgidə iştirak edib, Elmi Mərkəzin elmi nailiyyətləri ilə tanış olublar.

İştirakçılar sərgi ilə bağlı təəssüratlarını Şəki REM əməkdaşları ilə bölüşüblər. Bu istiqamətdə təşkil edilən tədbirlərin davamlı olması arzu olunub. Həmçinin, sərginin təşkilinin gənc nəslin elmi biliklərə yiyələnməsində, elmin kütləviləşdirilməsində əhəmiyyətli olduğu ifadə edilib. Regionun tarixinin, maddi və mənəvi irsinin, folklorunun, genofondunun, bitki və torpaq örtüyünün, ekoloji-coğrafi mühitinin öyrənilməsində Şəki Regional Elmi Mərkəzin xidmətləri yüksək qiymətləndirilib.

“Açıq qapı” günlərinin təşkili ilə bağlı “Kanal S” televiziyası tərəfindən çəkiliş aparılıb və efirdə yayımlanıb.