3 mart 2023-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin akt zalında ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə seminar təşkil edilib
Mart 03, 2023 | 12:00

Tədbiri açan Şəki REM-nin Elmi işlər üzrə direktor müavini, biol.ü.f.d. Fərhad Əzizov bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin             29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar ŞəkiREM-in tərəfindən silsilə tədbirlərin keçirilməsi planlaşdırılıb. Həmin tədbirin başlanğıcısı kimi 27 fevral 2023-cü il tarixində AMEA-nın Şəki REM-nin təşəbbüsü və təşkilatçılığı, ADPU-nun Şəki filialının iştirakı ilə “Heydər Əliyev ideyalarının zəfər yürüşü” adlı elmi-praktik konfrans keçirilib. F.Əzizov məlumat verib ki, Şəki REM tərəfindən bu istiqamətdə  hazırlanan  “Tədbirlər planı”nın tərkib hissəsi kimi bu gün Şəki REM-də “Ümummilli lider Heydər Əliyevin respublikamızın müstəqilliyi üçün zəmin yaradılmasında, suveren dövlət kimi formalaşmasında və inkişafında xidmətləri” adlı seminar təşkil edilib. F.Əzizov seminarda AMEA-nın Şəki REM-in baş elmi işçisi, professor Firədun İbrahimovun məruzəsinin dinlənəcəyi və məruzə ətrafında çıxışların olacağı haqqında məlumat verib.

Prof. F.İbrahimov geniş məzmunlu məruzəsində böyük siyasətçinin iqtisadiyyat və mədəniyyətin müxtəlif sahələrində öz Vətəninin, xalqının inkişafı üçün zəruri olan ən vacib məsələlər barədə əvvəlcə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları, Kommunist partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edilməsinə nail olmasına, doğma Azərbaycanın tərəqqisi uğrunda yorulmadan, gecəli-gündüzlü mübarizə aparmasına diqqət çəkib. O, qeyd edib ki, Azərbaycanı özü-özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə çevirmək ümummilli liderin planlarının tərkib hissəsi idi, bir sözlə, Vətənimizin müstəqilliyə gələn yolunu hələ o zaman Heydər Əliyev başlatmışdı. Bu gün Bakıya, Azərbaycanın rayonlarına gözəllik, yaraşıq verən yüzlərlə yaşayış binaları, mehmanxanalar, ictimai binalar, məktəblər, mədəniyyət sarayları, iqtisadiyyatımızın nüvəsini təşkil edən fabriklər, zavodlar, nəhəng sənaye obyektləri, iri istehsal kompleksləri, su anbarları, dəryaçalar, Kür su kəməri, yaşıllıq zonaları, istirahət ocaqları, neçə-neçə yollar, o cümlədən yurdun şimal-qərb ucqarını paytaxta bağlayan Bakı-Balakən dəmir yolu, Qarabağın mərkəzə-Bakıya bağlılığını artırmaq və orada Azərbaycan mühitini canlandırmaq üçün görülən mühüm tədbirlər, Xankəndinə dəmiryolu çəkilməsi Heydər Əliyev zəkasının, onun yorulmaz fəaliyyətinin, bu böyük insanın bütün varlığına hopmuş Vətən sevgisinin nəticəsi kimi şərh olunub.

AMEA-nın Şəki REM-nin YAP-nın Ərazi partiya təşkilatının sədr müavini Yusif  Rəhimov təqdim etdiyi zəngin və əhatəli məlumatlara görə məruzəçiyə təşəkkürünü bildirərək, gənc nəslin nümayəndələrinə ulu öndər Heydər Əliyevin həyat yolunu öyrənməyi, zəngin dövlətçilik fəaliyyətini öyrənməyi, ondan  bəhrələnməyi tövsiyə edib.

Dosent Qüdürət Bəkirov çıxışında vurğulayıb ki, bu gün ümummilli liderimizin siyasəti uğurla və inamla davam etdirilir, güclü və nüfuzlu Azər baycan yeni zirvələr fəth edir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında icra edilən nəhəng enerji layihələri, ölkə daxilində, xüsusən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən geniş abadlıq və quruculuq işləri ulu öndər Heydər Əliyev ideyaları əsasında inkişaf edən Azərbaycanın uğurlu gələcəyə doğru irəlilədiyini, ölkəmizin bu günü və gələcəyinin əmin əllərdə olduğunu deməyə əsas verir.

Tədbirin sonunda ulu öndərin xatirəsini əks etdirən sərgiyə baxış keçirilib.