“Heydər Əliyev ideyalarının zəfər yürüşü” adlı Elmi-Praktiki konfrans
Fev 27, 2023 | 12:00
27 fevral 2023-cü il tarixində AMEA-nın Şəki REM-in təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin ADPU-nun Şəki filialının birgə iştirakı ilə, ulu öndər Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar “Heydər Əliyev ideyalarının zəfər yürüşü” adlı elmi-praktiki konfransı keçirilib.
Konfransı açan ADPU-nun Şəki filialının direktoru riy.ü.e.d.,dosent Rafiq Rəsulov konfransın işinə uğurlar arzu edib. O, ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci və ikinci rəhbərliyi dövründə həyata keçirilən siyasi, sosial-iqtisadi və mədəni sahədəki islahatlara qısaca nəzər salıb, dahi şəxsiyyətin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafındakı əvəzsiz xidmətlərindən bəhs edib.
AMEA-nın Şəki REM-nin direktoru, fiz.ü.f.d., dosent Yusif Şükürlü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə əlaqədar Şəki Regional Elmi Mərkəzi tərəfindən həyata keçiriləcək tədbirlərin xülasəsini verərək, təşkil edilmiş bu elmi-praktik konfransın həmin tədbirlərin tərkib hissəsi olduğunu bildirib. O, konfrans iştirakçılarını konfransın gündəliyi ilə tanış edib. Dosent Y.Şükürlü konfransda iştirak edən tələbə və gənclərə müraciət edərək, ulu öndərin şəxsiyyətini, siyasi fəaliyyətini, Azərbaycan dövlətinin, azərbaycançılıq ideyalarının inkişaf etdirilməsindəki əvəzsiz xidmətlərini dərindən öyrənməyi, onu örnək almağı tövsiyyə edib.
ADPU-nun Şəki filialının baş müəllimi Tahir Məhərrəmov “Heydər Əliyev tarix yaradan simalardan biri kimi” adlı çıxışında ümummilli liderin Azərbaycanın ən yeni dövr tarixinin yaradılmasındakı rolundan bəhs edib. T.Məhərrəmov Heydər Əliyevin Sovet Azərbaycanına, həmçinin müstəqillik dövründə Azərbaycan Respublikasına rəhbərliyi dövründə türk və müsəlman ölkələri ilə yaradılan əlaqələrin mahiyyətinə diqqət çəkib.
AMEA-nın Şəki REM-nin “Gənc alim və mütəxəssislər şurası”nın sədri, “Folklorşünaslıq və el sənətləri” şöbəsinin kiçik elmi işçisi Tural Adışirinovun məruzəsində dahi liderin Azərbaycan ədəbiyyatının inkişafındakı rolu, onun ədiblərə, şair və yazıçılara göstərdiyi xüsusi diqqət və qayğısı şərh olunub. O, çıxışının sonunda ümummilli liderə həsr etdiyi şeiri səsləndirib.
ADPU-nun Şəki filialının müəllimi Kəmalə Ramazanova öz nitqində sovet dönəmində, həmçinin müstəqillik dövründə Azərbaycanda həyata keçirilən təhsil islahatlarında dahi şəxsiyyətin əvəzsiz xidmətlərini, təhsil strategiyasının uğurlu nəticələrini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında əldə edilən nailiyyətləri diqqətə çatdırıb.
ADPU-nun Şəki filialının baş müəllimi Rasimə Bəkirova “Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisi kimi” adlı çıxışında mədəniyyət xadimlərinə, incəsənətin müxtəlif sahələrinə, tarixi və mədəniyyət abidələrinin mühafizəsi və bərpasına dövlət qayğısını şərh edərək, mədəniyyətin ayrı-ayrı sahələrindəki uğurlarla bağlı fikirlərini konfrans iştirakçıları ilə bölüşüb.
AMEA-nın Şəki REM-in “Landşaftşünaslıq” şöbəsinin elmi işçisi Murad Qəhrəmanov “Heydər Əliyev və gənclər siyasəti” başlıqlı məruzəsində müstəqillik dövründə həyata keçirilən gənclər siyasətinin mahiyyətindən, gənc nəslin milli ruhda tərbiyəsindən, onlara dövlət qayğısından bəhs edərək, bu istiqamətdə həyata keçirilən tədbirlərin hazırda H.Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb.
AMEA-nın Şəki REM-in “Ekoloji coğrafiya” şöbəsinin əməkdaşı Elvin Qarayev dahi şəxsiyyətin Azərbaycanda elm və təhsilin inkişafında, himayə edilməsində və təşviqində əvəzsiz xidmətlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
ADPU-nun Şəki filialının Elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev çıxışında Heydər Əliyevin qurucusu olduğu Azərbaycanın tarixi məsuliyyətini öz çiyinlərində daşıdığını, onu bir dövlət, xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxardığını, müasir Azərbaycanın işıqlı sabahının etibarlı bünövrəsini yaratdığını qeyd edib. Müasir gəncliyin dahi şəxsiyyətin zəngin irsindən və bəşəri ideyalarından bəhrələnib, müstəqil Azərbaycanın gələcəyi naminə bu irsə daim sadiq olacaqlarına ümidvar olduğunu ifadə edib. O, konfransın ADPU-nun Şəki filialı ilə birgə təşkil edilməsinə görə AMEA-nın Şəki REM-nin rəhbərliyinə təşəkkürünü bildirib.
Məruzələr başa çatdıqdan sonra, Şəki REM-in direktoru Y.Şükürlü konfrans materiallarının qısa müddət ərzində nəşr etdiriləcəyini bildirib.
Tədbirin sonunda ümummilli lider H.Əliyevin çoxşaxəli fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.