24 fevral 2023-cü il tarixində AMEA-nın Şəki REM-də Xocalı faciəsinin ildönümü münasibətilə tədbir keçirilib
Fev 24, 2023 | 12:00
24 fevral 2023-cü il tarixində AMEA-nın Şəki REM-də Xocalı faciəsinin ildönümü münasibətilə tədbir keçirilib.
Tədbiri açan Şəki REM-in direktoru fiz.ü.f.d., dosent Y.H.Şükürlünün təklifi ilə ilk öncə Xocalı faciəsi zamanı, həmçinin vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dosent Şükürlü çıxışında Xocalı faciəsi ərəfəsində Azərbaycanda və qonşu ölkələrdə cərəyan edən hadisələrə diqqət çəkib, həmin dövrdə yaşanan hadisələrlə bağlı xatirələrindən danışıb.
“Folklorşünaslıq və el sənətləri” şöbəsinin rəhbəri İ.Yusifova XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı zamanı erməni vandalizminin miqyası haqqında fikirlərini tədbir iştirakçılarına çatdırıb.
“Tarixi irs və Etnoqrafiya” şöbəsinin rəhbəri R.Həsənov Azərbaycan rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılması, hadisələrin mahiyyətinin beynəlxalq aləmdə tanıdılması barədə məlumat verib.
“Ekoloji coğrafiya” şöbəsinin rəhbəri Y.Rəhimov çıxışında Ermənistan rəhbərliyi tərəfindən Xocalıda aparılan qanunsuz tikinti işlərinə və qanunsuz məskunlaşmaya diqqət çəkib.
Tədbirin sonunda Xocalı hadisələri ilə bağlı video çarxa və foto stendə baxış keçirilib.