Tədqiqatçı Yusif Şükürlünün fikrincə, Danavecdə aşkarladığı barelyefdə “Ay ilahəsi” Selena təsvir olunub
Sen 20, 2022 | 12:00

Şəki, 19 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Səmadan baxdıqda göz önündə uzunluğu 100, eni isə 70 metr olan barelyefdə Aya baxan qadın obrazı canlanır. AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru dosent Yusif Şükürlü araşdırmalarına əsaslanaraq bildirir ki, Danavecdə aşkarladığı bu nəhəng baralyefdə “Ay ilahəsi” Selena təsvir olunub.

Danavec Azərbaycanın Şimal-qərb bölgəsinin Şəki rayonu ərazisində yerləşən Baş Şabalıd kəndinin mərkəzindən hava məsafəsi 6840 metr uzaqlıqda olan yaylaq ərazisidir. Tanınmış alim burada əcdadlarımızın yaratdığı “Ay ilahəsi” barelyefini aşkarlayıb.

AZƏRTAC-ın bölgə müxbiri alimin Danavec ərazisi ilə bağlı apardığı araşdırmalar barədə daha geniş məlumat əldə etmək üçün Regional Elmi Mərkəzdə olub, Yusif Şükürlünün mövzu ilə bağlı fikirlərini öyrənib. Alimin sözlərinə görə, “Danavec” kəlməsi Dan, yəni Tan (Tanrı) deməkdir, “vec” sözü sərbəst olaraq işlənmir, məskunluq anlamı daşıyan söz sonluğudur. Məsələn, İsveç – “şərq”, Norveç – “şimal” torpaqları (məskənləri) deməkdir. “Danavec” sözü Tanrının məskəni (Ziyarət yeri) mənasında işlənir. Danavec Baş Şabalıd kəndinin bir hissəsi sayılır. Kəndin Danavecə qədər olan hissəsində vaxtilə Caraf, Cincarlı, Fırpalıd adında yaşayış məskənləri mövcud olub. Danavec coğrafi olaraq Baş Şabalıd kəndinin tam şərqində yerləşir. Bu kəndə Günəş “Danavecdən doğur!”. Elə o yaylağın Danavec (Tanrının olduğu yer) adlandırılması da buna əsaslanır.

“Danavecdə mənim tapdığım abidə “Aya sitayiş” məbədi yaxınlığında, qaya üzərində yonulub və “Ay ilahəsi” Selenanın barelyefidir. Alban tayfalarının əksəriyyətinin Ay Tanrısına sitayiş etməsi məlumdur. Orada - Danavecdə “Ay ilahəsi” Selenanın şərəfinə “Ay ilahəsi məbədi” də inşa olunmamış deyil və yəqin ki, həmin məbədin də yerini müəyyən etmək çətin olmayacaq”,- deyə Yusif Şükürlü diqqətə çatdırıb.

Yusif Şükürlü deyib: “Bizim əcdadlarımız Böyük Qafqazın Şərqə doğru yüksələn yamacında yerləşən dərə boyu məskunlaşıb. Ona görə Günəş DANAVEC tərəfdən doğub. Bütün türk dünyasında olduğu kimi, onlar da Şərq tərəfi Tanrının olduğu məkan kimi tanıyıb. İbtidai zamanlarda əcdadlarımız Dan - Tanrı axtarmaq üçün uzun müddət - əsrlərlə Böyük Qafqazı keçə bilməmişlər. Ona görə də Baş Şabalıdda qədim ziyarət yerləri indi də tanınır. Məhz bu baxımdan Baş Şabalıd kəndi bənzərsizdir! Bikəqız - Biçağız nənənin ziyarəti, Çinar, Ocaq yanı, üstəlik, Kilsə, həm də müsəlmançılığın regional mərkəzi olub. Danavec yaylağı Baş Şabalıda aiddir. Oranı əcdadlarımız Tanrıların olduğu məskən kimi tanıyıb, çünki bizə - yalnız Baş Şabalıda günəş oradan doğur. Vec də bizim - yəni Azərbaycan türklərinin cəhət göstəricilərindən biri olub, tərəfi, yönü, istiqaməti - amma yolu yox, məskunluq istiqamətini göstərib”.

Alim hesab edir ki, hələ Danavec barədə qaranlıq olan bir çox məsələlər var və dərin araşdırmalar gərəkdir. Arxeoloqların, tarixçilərin, mədəniyyət xadimlərinin birgə tədqiqatlarına böyük ehtiyac duyulur.

https://azertag.az/xeber/2298185?fbclid=IwAR0-RF5r-IdFlUJQR8JJbb-ATG57rHKwuqbv8_kG_tOIOprlO1sZPV3d4-c