19 aprel tarixində AMEA Folklor İnstitutunda “Dastanlarda milli-mənəvi dəyərlərimiz” mövzusunda keçirilən respublika elmi konfrans
Apr 20, 2022 | 10:00
AMEA Şəki Regional Elmi Mərkəzin əməkdaşları, Təranə Abdullayeva, Günel Musayeva və Reyhan Mənəfova 19 aprel tarixində AMEA Folklor İnstitutunda “Dastanlarda milli-mənəvi dəyərlərimiz” mövzusunda keçirilən respublika elmi konfransında iştirak ediblər. Konfransı Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov giriş sözü ilə açaraq dastan yaradıcılığının, xüsusilə də aşıq yaradıcılığının mahiyyətindən bəhs edib, dastanların tariximizin, soy-kökümüzün öyrənilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb və dastanların mənəvi-əxlaqi dəyərlərini formalaşmasında böyük rolu olduğunu qeyd edib. Daha sonra fil.ü.e.dok. İlhamə Qəsəbovanın sədrliyi ilə iştirakçıların çıxışları dinlənilib. Konfransda, Təranə Abdullayeva “Kitabi Dədə Qorqud dastanında öyüd-nəsihətlər”, Günel Musayeva “Manas dastanı və türk dastanlarında paralel mənəvi-əxlaqi dəyərlər”, Reyhan Mənəfova “Folklor motivlərinin XX əsr Azərbaycan sovet ədəbiyyatına təsiri” mövzulu məruzələrilə çıxış ediblər. Məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb və mövzular ətrafında fikir mübadiləsi aparılıb. Sonda konfrans iştirakçılarına akademik Muxtar İmanov tərəfindən sertifikatlar təqdim olunub.
Əməkdaşlarımıza uğurlar arzu edirik.