AMEA Şəki Regional Elmi Mərkəzin 2021-ci il üçün Elmi və elmi-təşkilati fəaliyyətinə dair İllik hesabat qəbul olundu
Fev 12, 2022 | 11:00

2022-ci ilin  fevral ayının 11-də AMEA  Rəyasət Heyəti yığıncağında AMEA-nın Şəki REM-nin 2021-ci tədqiqat il üçün elmi və elmi-təşkilati fəaliyyətinə dair İllik hesabatı dinlənilmişdir.

Hesabat üzrə AMEA-nın Şəki REM-nin direktoru fizika üzrə PhD, dosent Yusif  Şükürlü təqdimat etmişdir. O bildirmişdir ki, 2021-ci ildə Şəki Regional Elmi Mərkəzdə AMEA Rəyasət Heyəti tərəfindən 2020-ci ildə təsdiq olunmuş yeni 6 prioritet istiqamət üzrə 8 şöbədə elmi tədqiqat işləri yerinə yetirilmişdir. Təqdimatda hər şöbə üzrə ayrı-ayrılıqda yerinə yetirilən mövzular,  alınan nəticələr, onların tətbiqi istiqamətində görülən tədbirlər, uğur və nailiyyətlər barədə və ən mühüm elmi nəticələr haqqında məlumat verilmişdir.

Təqdimatda əsas yeri 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarının icrası ilə əlaqədar Nazirlər Kabinetinin qərarları, həmçinin, dövlət proqramları, AMEA-nın Şəki REM-nə tapşırılmış tədqiqat işlərinin icrası və eyni zamanda, AMEA prezidentinin sərəncamları və Rəyasət Heyəti qərarlarından irəli gələn vəzifələrin yerinə yetirilməsinə dair ətraflı məlumatlar verilmişdir.

Təqdimatda 2021-ci ildə Şəki REM-in əməkdaşları tərəfindən ölkə daxilində və xaricdə ümumilikdə 66 elmi məqalənin, onlardan 6-nın impakt faktorlu olmaqla, 19 məqalənin xarici jurnallarda dərc olunduğunu, 34 beynəlxalq, yerli və xarici konfrans və simpoziumlarda təmsil olunmalarını, 3 kitabın nəşr olunmasını (2 elmi və 1 elmi-publisistik), bir patentin alınmasını, 1 nəfərin fəlsəfə doktoru elmi dərəcəsi üzrə dissertasiya işini müdafiə etdiyini bildirmişdir. Yusif  Şükürlü  həmçinin mövcud problem və çatışmazlıqlar üzrə məlumat vermişdir.

AMEA RH üzvləri tərəfindən hesabat üzrə təqdimat qəbul edilmiş və AMEA Şəki Regional Elmi Mərkəzində 2021-ci ildə əldə olunmuş elmi nəticələr təsdiq edilərək, AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınmışdır. Eyni zamanda, RH qərarında 2021-2024-cü illər üzrə Şəki REM-də planlaşdırılan elmi tədqiqatların Azərbaycan Respublikasının dövlət proqramlarının milli strategiyasına və Milli İnkişaf  proqramı prioritet istiqamətlərinə yönəlmiş mövzuların işlənməsinə üstünlük verilməsi tövsiyə olunmuşdur.

Qərarda, həmçinin, AMEA Yer Elmləri bölməsinin həm də Biologiya və Tibb Elmləri bölməsinin rəhbərliyinə tapşırılmışdır ki, Şəki REM-in əməkdaşlarına, AMEA-nın digər elmi tədqiqat institututlarında, müvafiq fəaliyyətlərin birgə yerinə yetirilməsinə imkan yaratsınlar. Eləcə də, qərarda kadr hazırlığı ilə əlaqədar, Şəki REM-də Distant tədris mərkəzinin yaradılması, Azərbaycan Pedaqoji Universitetinin Şəki filialı ilə birlikdə elm və təhsilin inteqrasiyası, elmin populyarlaşdırılması üzrə birgə fəaliyyətlərini davam etdirsinlər.

Müzakirələrdən sonra Şəki REM-in 2021-ci il üçün Elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat qəbul edildi və RH-nin 5/2 saylı qərarı ilə təsdiq edildi. Şəki REM-in direktoru fizika üzrə PhD, dosent Yusif Şükürlü RH üzvlərinə minnətdarlıq edərək, onları bu il planlaşdırılan Şəki REM-in yaradılmasının 50 illik Yubiley təbbirlərinə dəvət etdiyini bildirdi. Dəvət səmimi  qəbul edildi.

AMEA-nın Şəki REM-nin rəhbərliyi adından, qazanılmış bütün bu uğurlar münasibəti ilə əməkdaşlarımızı təbrik edir, 2022-ci tədqiqat ilinin qarşıya qoyduğu tapşırıqların öhdəsindən uğurla gəlməyi və Mərkəzin 50 illik yubileyinin qeyd olunması istiqamətində müvəffəqiyyətlər əldə etməyi arzulayırıq.