AMEA-nın Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı, AMEA –nın Şəki REM-nin və ADPU-nin Şəki filialının kollektivlərinin iştirakı ilə "Nizami ili" elan edilməsi haqqında Prezidentin sərəncamına uyğun olaraq ADPU-nin Şəki filialında seminar-tədbir
Dek 22, 2021 | 12:00
21 dekabr 2021- ci il tarixində AMEA-nın Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı, AMEA –nın Şəki REM-nin və ADPU-nun Şəki filialının kollektivlərinin iştirakı ilə "Nizami ili" elan edilməsi haqqında Prezidentin sərəncamına uyğun olaraq ADPU-nun Şəki filialında seminar-tədbir təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Şəki REM- in direktoru fiz.ü.f.d.,dos. Y.H.Şükürlü 2021-ci ilin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsindən və bunun ədəbiyyatımıza, milli-mənəvi dəyərlərimizə, klassik irsimizə olan münasibətinin təsirindən bəhs edib.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədova çıxışında Nizami dühasının hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olduğunu qeyd edib. O vurğulayıb ki, ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin “Nizamişünaslıq”da yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Daxil olan nəşrlər sırasında AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin layihə rəhbərliyi və “Ön söz”ü ilə 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər yolu: Qarabağ savaşından Şuşa Bəyannaməsinədək” kitabı öz əhəmiyyəti ilə seçilir. Kitabda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə xalqa müraciətləri, müsahibələri, tarixi qələbə münasibətilə hərbi paradda söylədiyi nitqi, ölkə rəhbərinə ünvanlanmış teleqramlar, Prezidentə müraciətlər, fərman və sərəncamlar, yerli və xarici media nümayəndələri üçün mətbuat konfransının materialları, Şuşa Bəyannaməsi və bu münasibətlə Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün birgə bəyanatlarla çıxışları öz əksini tapıb.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Qarabağ Qəhrəmanları Fondunun əməkdaşı Həbibə Əliyeva çıxışında Azərbaycan kitabxana sistemində ilk dəfə MEK-də yaradılan və əsas məqsədi Qarabağ müharibəsinə həsr olunan sənədləri sistemli şəkildə toplayaraq mühafizə etmək olan xüsusi fonddan bəhs edib. O qeyd edib ki, bu fond kitabxananın həm yerli, həm də əcnəbi istifadəçilərinə Azərbaycan tarixində əvəzolunmaz iz qoyan, adlarını xalqımızın şanlı tarixinə əbədi yazan qəhrəmanlarımızın yaxından tanıdılmasına şərait yaradacaq.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Metodiki şöbənin baş mütəxəssisi Alidə Həsənova AMEA-da Nizami Gəncəviyə həsr olunmuş konfransların, seminarların, dəyirmi masaların, tədqiqatların, nəşr edilən və çapda olan kitabların əhəmiyyətindən danışıb.