Şəki REM-in “Foklorşünaslıq və el sənətləri” şöbəsinin elmi seminarı
Avg 28, 2020 | 11:00

27 avqust 2020-ci il tarixində Şəki REM-də “Foklorşünaslıq və el sənətləri” şöbəsinin əməkdaşlarının bu ilin ötən dövrü  ərzində Azərbaycanın Şəki rayonunun ərazisində yaşayan azsaylı xalqların folklor və etnoqrafiyası ilə bağlı apardıqları folklor toplama işləri və tədqiqatların nəticələrinə dair hesabat xarakterli seminarı keçirilmişdir. Mövcud pandemiya şəraitinə uyğun olaraq məhdud sayda iştirakçı ilə keçirilən seminar iştirakçılarına tədqiqat və toplamanın gedişatı və əldə olunan materialların əks olnuduğu slaydlar təqdim olunmuşdur. Kiçik elmi işçi Tural Adışirinov ərazidə yaşayan digər azsaylı xalqların folklorunun Azərbaycan folkloru ilə oxşar və fərqli cəhətləri barədə məlumat vermişdir. Şöbənin digər əməkdaşı Namiq Abdurahmanov azsaylı xalqların mərasim və mövsüm folkloru, mətbəx mədəniyyəti və s. barədə toplama zamanı əldə olunan maraqlı faktları iştirakçılara çatdırmışdır. Eyni zamanda həmin mərasimlərin keçirilməsinə dair əməkdaşlarımızın özü tərəfindən hazırlanan kiçik bir sənədli film təqdim olunmuşdur. Sonda iştirakçıları maraqlandıran müxtəlif suallar cavablandırılmışdır. Şəki REM-in direktoru, dos. Yusif Şükürlü Azərbaycanın tarixən tolerant və multikultural bir dövlət olduğunu, Elmi Mərkəzin azərbaycanlılarla yanaşı bölgədə yaşayan azsaylı xalqların da folklorunu öyrənmə məsələsində maraqlı olduğunu vurğulamış və gənc tədqiqatçılara öz tövsiyələrini vermişdir. Çıxış edən digər iştirakçılar də bundan sonrakı tədqiqatlarda uğurlar arzulamış və bəzi məsələlərə xüsusi diqqət yetirməklə bağlı fikirlər səsləndirmişlər.