Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsində regionun selli dağ çayları hövzələrinə ekspedisiyalar təşkil olunur
Mart 19, 2020 | 12:00

AMEA  Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsi  AMEA-nın 2020-2025-cü illər üzrə qəbul edilmiş istiqamətləri və 2020-ci ilin iş planına uyğun olaraq Respublikanın Şimal-Qərb regionunun dağıdıcı selli dağ çayları hövzələrində ekspedisiyalar, monitorinqlər təşkil etmək və reydlər həyata keçirməklə ərazinin ekoloji mühitini öyrənir və bu sahədə tədqiqatlar aparır.

İşin məqsədi ekoloji sferada stabilliyin təmin edilməsi, eyni zamanda ətraf mühitin qorunması, təbii resurslardan dayanıqlı istifadə və təbii amillərin kənd təsərrüfatına təsirlərinin idarə olunması, region turizminin inkişaf etdirilməsi sahəsində strateji yol xəritəsinə və digər müvafiq Dövlət direktivlərinə əsaslanaraq elmi tədqiqat işlərinin aparılmasından ibarətdir.

Növbəti tədqiqat işi 12-13 mart  tarixində Şəki rayonunda, Kiş çayının Qaynar qolu istiqamətində aparılıb  və elmi tədqiqat işi tədqiq olunan ərazilərdə təbii və antropogen amillərin təsiri altında aktivləşən eroziya prosesləri nəticəsində aşınmaların qurşaqlar üzrə öyrənilməsi ilə regionda tez-tez təkrarlanan sel hadisələrinin proqnozlaşdırılması və onun qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi baxımından əhəmiyyətlidir.