Beynalxalq İpəkçilik üzrə Komissiyanın (The International Sericultural Commission (ISC)) təşkilatçılığı ilə keçirilən İpəkçilik və Böcək Biotexnologiyaları üzrə Asiya-Sakit okean 6-cı Konqress 2 - 4 mart 2019-cu il tarixdə “Saraylar şəhəri” adlandırılan Hindistanın Maysore şəhərində təşkil olunmuşdur.
Mart 13, 2019 | 01:28

Beynalxalq İpəkçilik üzrə Komissiyanın (The International Sericultural Commission (ISC)) təşkilatçılığı ilə keçirilən İpəkçilik və Böcək Biotexnologiyaları üzrə Asiya-Sakit okean 6-cı Konqress 2 – 4 mart 2019-cu il tarixdə “Saraylar şəhəri” adlandırılan Hindistanın Maysore şəhərində təşkil olunmuşdur. Konqressdə dünyanın 30 ölkəsindən 200-dən çox nümayəndə iştirak etmişdir. APSERİ-2019 ipəkçiliyin, həmçinin ipək qurdu, baraması ve s. haqda müasir məlumatlar, elm və texnologiya sahəsindəki irəliləyişlər, gen- və nanohissəciklər səviyyəsində araşdırmalar və gələcək üçün imkanlara həsr olunmuş beynəlxalq forumdur. Qürur verici haldir ki,  ilk dəfə olaraq Azərbaycan bu möhtəbər tədbirdə iştrak etdi və üç rəngli bayrağımız Hindistan, Yaponiya, Çin, Fransa və s. kimi aparıcı “İpək dövlətləri”nin bayraqları sırasında dalğalandı.

Tədbirdə  bir sıra ölkənin ipəkçilik tarixi, bu günü və gələcək perspektivləri haqda hesabatları dinlənilmişdir. Konqresdə Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzinin direktoru Dr. Y.Şükürlünün  çıxışı da dinlənildi. Məruzədə Azərbaycanın qədim ipəkçilik diyarı olması,  İpək Yolu üzərində yerləşməsi, Şəki, Basqal, Şamaxı və Gəncə kimi qədim ipəkçilik ərazilərimizin mövcudluğu iştiraççıların diqqətinə çatdırıldı. Həmçinin Şəki ipək kombinati, Qafqazda ən iri qrena istehsalçısı olan Göycay zavodu və s. haqda dinləyicilərə məlumatlar verildi. Qeyd olundu ki, əsrimizin 90-cı illərində bütün postsovet respublikalarında olduğu kimi Azərbaycanda da ipəkçilik sahəsində böhran yaranmışdi. Natiq çıxışında sözügedən böhranın aradan qaldırma və Azərbaycan ipəkçiliyinin əvvəlki əzəmətini qaytarmaq üçün Azərbaycan Respublikası Prezidenti 2017-ci il noyabr tarixli sərəncamı ilə Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün dövlət Proqramı elan etdiyi xüsusi olaraq vurğulamış və AMEA-nın bu sahə üzrə aparıcı təşkilatlarından biri olan Şəki Regional Elmi Mərkəzin (ŞREM) bu proqram çərçivəsində həyata keçirdiyi bir sıra tədbirlər barədə məlumat vermişdir. Kongress iştrakçıları 2014-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irs  siyahısına daxil olmuş milli dəyərimizdən biri olan Kəlağayı ilə tanış edilmişdir.

Tədbir iştirakçıları “Verilən yemə salisil-aldemin əlavə etməklə, tut ipək qurdunun hemolimfasında aminturşu tərkibinin dəyişdirilməsi” (Şükürlü Y.H., Şükürova Z.Y.)  mövzusu üzrə aparılan elmi işlə tanış olmuş, mövzu ətrafında diskussiya aparılmış və adıçəkilən tədqiqat işi konfransın elmi toplusuna daxil edilmək məqsədilə qəbul edilmişdir.

ŞREM in nümayəndə heyəti Maysore Mərkəzi İpəkçilik Tədqiqatları və Tədris İnistitutunun (CSRTİ, Maysuru) direktoru Dr. R.S.Teotianın dəvəti ilə adı çəkilən İnstituta səfər etmişdir. Səfər zamanı Dr. Şükürlü və Dr. Teotia arasında görüş keçirilmişdir.  Gələcəkdə Elmi Mərkəzimiz və Maysore İpəkçilik Tədqiqatı və Treninqi Institutu arasında əməkdaşlığa dair müzakirə aparılmışdır. İSC baş katibi Dr. R. R. Okhandiar ölkəmizi yaxın gələcəkdə Beynalxalq İpəkçilik üzrə Komissiya (The International Sericultural Commission (ISC)) üzvü kimi görmək ümüdündə olduğunu söyləmişdir.

         Hazırda konqres zamanı və 2 ay öncə CSRTİ, Mysuru bir aylıq treninqində qazanılmış təcrübənin Şəki ipəkçiliyinə yaradıcı yanaşmada tətbiqi barədə düşünülür.