Sen 15, 2018 | 02:47
Türkiyə Cumhuriyyəti Qazi Universitetinin Professoru İsmayıl Aksoyak tərəfindən 2007 – ci ildə əsası qoyulan” Türk ədəbiyyatının əlaqəli indeks və tətbiqi lüğət “ layihəsində iştirak etmək üçün Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzinin “ Folklorşünaslıq və el sənətləri” şöbəsinin kiçik elmi işçisi,İstanbul Universitetinin “ Qədim Türk ədəbiyyatı “ şöbəsinin doktorantı Reyhanə Səlimova “ Şeyx Seyid Mir Həmzə Nigari Qarabağinin Divanı “ ilə bağlı müraciət etmişdir. XIX əsrin sufi şairinə dərin məhəbbəti olan tədqiqatçının bu müraciəti layihə komitəsi tərəfindən müsbət qiymətləndirilmiş və Reyhanə Selimovanın türk ədəbiyyatının yüzlərcə klassik əsərlərini əhatə edən akademik tədqiqatlarda bu divanla iştirak etməsinə icazə verilmişdir.
“ Türk ədəbiyyatının əlaqəli indeks və tətbiq lüğət “layihəsinin məqsədi XII- XIX əsr qədim türk ədəbiyyatının və dil mətnlərinin əlaqəli indeksini hazırlamaqdır . Yuxarıda qeyd edilən əsrlərə aid əlyazma əsərlərin latın hərflərinə transkripsiyası, mətnlərdə istifadə edilmiş kəlmələri, farsca və ərəbcə izafət tərkiblərini , atalar sözləri və məsəlləri, hədisləri, Quran ayələrini düzgün təyin etmək və şairin mətn içərisindəki həmin ifadəni hansı mənada işlətdiyini tam dəqiq mənasını vermək bu akademik tədqiqatın əsas hissəsini təşkil edir.
Türkiyə universitetlərindən olan təxminən 500 tətqiqatçının gərgin əməyi sayəsində hazırlanan və 629 əsəri əhatə edən bu layihə artıq ensiklopediya, lüğət və arxiv səviyyəsinə yüksəlməkdədir. Layihənin 2023- cü ildə tamamlanması gözlənilir.