Şəki Regional Elmi Mərkəzdə “Kibertəhlükələr və onlardan qorunmaq yolları” mövzusunda maarifləndirici məşğələ keçirilib
Noy 23, 2026 | 03:00
Noy 23, 2026 | 03:00
23 noyabr 2026-cı il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində (Şəki REM) Mülki müdafiə dərsləri çərçivəsində “Kibertəhlükələr və onlardan qorunmaq yolları” mövzusunda növbəti maarifləndirici məşğələ təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Şəki REM-in direktoru, filologiya elmləri doktoru, dosent Kamil Adışirinov müasir dövrdə informasiya texnologiyalarının həyatımızın bütün sahələrinə nüfuz etdiyini, rəqəmsal imkanlarla yanaşı, yeni təhlükə və risklərin də meydana çıxdığını diqqətə çatdırıb. O, kibertəhlükəsizlik sahəsində maariflənmənin, şəxsi məlumatların qorunmasının və rəqəmsal mühitdə təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini vurğulayıb.
Daha sonra Şəki REM-in Mülki müdafiə qərargahının rəisi Yusif Rəhimov çıxış edərək bildirib ki, mülki müdafiənin əsas məqsədlərindən biri əməkdaşların müxtəlif fövqəladə hallar və təhlükələr zamanı düzgün davranış qaydaları barədə məlumatlandırılmasıdır. Onun sözlərinə görə, zəlzələ, yanğın, təbii fəlakətlər, sel və daşqın kimi təhlükələrlə yanaşı, müasir dövrdə geniş yayılan kibertəhdidlərdən qorunmaq da xüsusi əhəmiyyət daşıyır. O, rəqəmsal təhlükəsizliyin artıq hər bir şəxsin gündəlik həyatında diqqət yetirməli olduğu mühüm məsələlərdən birinə çevrildiyini qeyd edərək sözü məruzə üçün Rəqəmsallaşdırma və süni intellekt şöbəsinin rəhbəri Namiq Abdurahmanova verib.
Mövzu ətrafında məlumat verən Namiq Abdurahmanov kibertəhlükələrin əsas növləri və bu təhlükələrdən qorunma üsulları barədə danışıb. O, xüsusilə elektron poçt, mobil telefonlar və sosial şəbəkələr vasitəsilə istifadəçilərə yönələn kiberhücumlara diqqət çəkib.
Məruzəçi bildirib ki, kibercinayətkarlar çox vaxt saxta elektron məktublar, şübhəli keçidlər, saxta internet səhifələri və aldadıcı mesajlar vasitəsilə istifadəçilərin şəxsi məlumatlarını, şifrələrini və digər məxfi informasiyalarını ələ keçirməyə çalışırlar. Bu baxımdan tanımadığımız ünvanlardan daxil olan məktublara, naməlum şəxslərdən gələn mesajlara və şübhəli linklərə qarşı diqqətli olmaq vacibdir.
Namiq Abdurahmanov mobil telefonlardan istifadə zamanı qarşıya çıxan təhlükələr, telefon nömrələri vasitəsilə həyata keçirilən dələduzluq halları, sosial şəbəkə hesablarının ələ keçirilməsi, saxta profillər və fişinq hücumları barədə də məlumat verib.
Məşğələ zamanı əməkdaşların diqqətinə çatdırılıb ki, kibertəhlükəsizlik yalnız texniki vasitələrlə deyil, eyni zamanda istifadəçilərin diqqətli və məsuliyyətli davranışı ilə təmin olunur. Hər hansı şübhəli mesaj və ya keçidlə qarşılaşdıqda tələsmədən onun etibarlılığını yoxlamaq, şübhəli hallarla bağlı müvafiq mütəxəssislərə məlumat vermək zəruridir.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.








