Şəkidə professor Yaşar Qarayevin 90 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
Noy 25, 2026 | 03:00
25 noyabr 2026-cı il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin, ADPU-nun Şəki filialının və Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin birgə təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas alim, tənqidçi, professor Yaşar Qarayevin anadan olmasının 90 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.
Elmi sessiyada Şəki Regional Elmi Mərkəzin alim və gənc tədqiqatçıları, ADPU-nun Şəki filialının müəllim və tələbələri, Şəkinin təhsil işçiləri və ədəbi ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının, eləcə də professor Yaşar Qarayevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elmi sessiyanı açan ADPU-nun Şəki filialının direktoru, tarix üzrə fəlsəfə doktoru Vurğun Məmmədov Şəkinin yetişdirdiyi görkəmli şəxsiyyətlər sırasında professor Yaşar Qarayevin xüsusi yeri olduğunu qeyd edib. O, alimin həyat yoluna nəzər salaraq onun tərcümeyi-halının əsas məqamları, təhsil və əmək fəaliyyəti barədə məlumat verib. Vurğun Məmmədov belə elmi sessiyaların görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətinin daha dərindən öyrənilməsi, onların tanıdılması, zəngin mənəvi və intellektual irsinin gələcək nəsillərə çatdırılması, eləcə də elmi və ədəbi mühit arasında əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, tədbirin işinə uğurlar arzulayıb.
Sonra AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, filologiya elmləri doktoru, dosent Kamil Adışirinov çıxış edib. O, Yaşar Qarayevin Azərbaycan ədəbiyyatşünaslığının inkişafındakı rolundan, ədəbi-tənqidi yaradıcılığının əsas istiqamətlərindən və elmi fəaliyyətinin mühüm məqamlarından bəhs edib. Məruzəçi Yaşar Qarayevin rəhbərliyi ilə elmi tədqiqatlar apararaq dissertasiyalar müdafiə etmiş, sonralar Azərbaycan humanitar elminin tanınmış nümayəndələrinə çevrilmiş alimlərin fəaliyyətinə də toxunub. Bu sırada akademik İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, professorlar Şirindil Alışanlı, Nizaməddin Şəmsizadə, Rəhim Əliyev, Məhərrəm Qasımlı, filologiya elmləri doktoru Sərxan Xavəri və digər alimlərin adlarını çəkərək Yaşar Qarayevin elmi kadrların hazırlanmasındakı xidmətlərini diqqətə çatdırıb.
Daha sonra elmi sessiya məruzələrlə davam edib.
ADPU-nun Şəki filialının Humanitar fənlər kafedrasının baş müəllimi, Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri, şair Vaqif Aslan çıxış edib. O, “Yaşar Qarayevin yaradıcılığında elmi prinsiplərin qoyuluşu” mövzusunda çıxışında görkəmli ədəbiyyatşünasın ədəbi-tənqidi düşüncəsinin əsas xüsusiyyətlərinə, ədəbiyyata yanaşma prinsiplərinə və tənqidçi mövqeyinə diqqət çəkib. Vaqif Aslan Yaşar Qarayevin yaradıcılığında elmi obyektivliyin, nəzəri yanaşmanın və bədii-estetik meyarların əhəmiyyətini vurğulayaraq onun Azərbaycan ədəbi fikrindəki mövqeyindən bəhs edib. O, alimin ədəbiyyat hadisələrinə yanaşma tərzinin, təhlil və qiymətləndirmə prinsiplərinin müasir ədəbiyyatşünaslıq üçün də əhəmiyyət daşıdığını qeyd edib.
Şəki Regional Elmi Mərkəzin Ədəbi-mədəni mühit və folklor şöbəsinin aparıcı elmi işçisi, ADPU-nun Şəki filialının Humanitar fakültəsinin dekanı, filologiya elmləri namizədi, dosent Ulduz Mürşüdova “Folklor qaynaqları Yaşar Qarayevin elmi-nəzəri konsepsiyasında” mövzusunda məruzə edib. O, məruzəsində Yaşar Qarayevin ədəbi-tənqidi və elmi-nəzəri görüşlərində folklor qaynaqlarının yeri, xalqın mənəvi dünyasının, milli yaddaşının və bədii təfəkkürünün ədəbiyyatla qarşılıqlı əlaqəsi məsələlərinə diqqət yetirib. Qeyd edib ki, folklor nümunələri milli ədəbi düşüncənin formalaşmasında mühüm mənbə olmaqla yanaşı, xalqın tarixi təcrübəsini, dünyagörüşünü və mənəvi dəyərlərini özündə yaşadır. Məruzəçi Yaşar Qarayevin ədəbiyyat hadisələrinə milli-mənəvi dəyərlər kontekstindən yanaşmasının əhəmiyyətini vurğulayıb.
ADPU-nun Şəki filialının baş müəllimi Pakizə Əliyeva “Meyar şəxsiyyətdir” – Yaşar Qarayev” mövzusunda məruzə edərək Yaşar Qarayevin şəxsiyyətinin və elmi mövqeyinin onun ədəbiyyatşünaslıq və ədəbi-tənqidi fəaliyyətindəki roluna diqqət çəkib. O, alimin ədəbiyyata, sənətə və yaradıcılığa münasibətində şəxsiyyət amilinin, mənəvi dəyərlərin və yüksək estetik prinsiplərin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Yaşar Qarayev üçün ədəbi yaradıcılığın qiymətləndirilməsində əsas meyarlardan biri müəllifin şəxsiyyəti, mənəvi dünyası və cəmiyyət qarşısındakı məsuliyyəti olub. Məruzədə alimin zəngin intellektual dünyası, prinsipial tənqidçi mövqeyi və milli ədəbi fikrə gətirdiyi yanaşmaların əhəmiyyəti ön plana çəkilib.
Şəki Regional Elmi Mərkəzin Ədəbi-mədəni mühit və folklor şöbəsinin elmi işçisi Təranə Məmmədova “Elmi-ədəbi düşüncənin təşkilatçısı və məktəb yaradıcısı: Yaşar Qarayev fenomeni” adlı çıxış edib. O, Yaşar Qarayevin Azərbaycan ədəbiyyatşünaslığında özünəməxsus elmi məktəb formalaşdıran alim kimi fəaliyyəti, elmi-ədəbi düşüncənin inkişafına verdiyi töhfələr və tədqiqatçıların yetişməsindəki rolunu diqqətə çatdırıb. Bildirib ki, alimin elmi fəaliyyəti yalnız ədəbi proseslərin araşdırılması və təhlili ilə məhdudlaşmayıb, eyni zamanda yeni elmi yanaşmaların formalaşmasına, ədəbiyyatşünaslıq düşüncəsinin zənginləşməsinə və elmi ənənələrin davam etdirilməsinə də mühüm təsir göstərib. Məruzəçi Yaşar Qarayev fenomeninin onun çoxşaxəli elmi fəaliyyəti, zəngin intellektual dünyası və Azərbaycan ədəbi-elmi fikrində yaratdığı məktəblə səciyyələndiyini vurğulayıb.
Şəki Regional Elmi Mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Reyhan Mənəfova “Ədəbiyyatı oxumaqdan milləti anlamağa doğru gedən Yaşar Qarayev yolu” mövzusunda məruzə edib. Məruzəçi Yaşar Qarayevin ədəbiyyata yalnız bədii yaradıcılıq nümunəsi kimi deyil, həm də xalqın tarixi yaddaşını, milli kimliyini, mənəvi dəyərlərini və dünyagörüşünü əks etdirən mühüm mənəvi sərvət kimi yanaşmasını diqqətə çatdırıb. Vurğulayıb ki, alimin ədəbi-tənqidi araşdırmalarında ayrı-ayrı ədəbi nümunələrin təhlilindən daha geniş ümumiləşdirmələrə, milli düşüncənin və ictimai-mənəvi həyatın dərk olunmasına doğru uzanan elmi yanaşma xüsusi yer tutur. Məruzəçi Yaşar Qarayevin yaradıcılığının Azərbaycan ədəbiyyatını, xalqın mənəvi dünyasını və milli özünüdərk proseslərini daha dərindən anlamaq baxımından əhəmiyyətini nəzərə çatdırıb.
Elmi sessiya çərçivəsində professor Yaşar Qarayevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, elmi sessiya Kanal S telekanalı tərəfindən lentə alınıb.