Şəki Regional Elmi Mərkəzdə Konstitusiya Günü qeyd olunub
Noy 12, 2026 | 03:00
Noy 12, 2026 | 03:00
12 noyabr 2026-cı il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbir giriş sözü ilə açan Şəki Regional Elmi Mərkəzin direktoru, filologiya elmləri doktoru, dosent Kamil Adışirinov Konstitusiya Gününün Azərbaycan dövlətçilik tarixindəki əhəmiyyətindən, müstəqil dövlətimizin hüquqi əsaslarının formalaşmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib.
Daha sonra Tarix və epiqrafika şöbəsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli çıxış edərək Azərbaycan Konstitusiyasının qəbul edilməsi, dövlətçilik ənənələrinin qorunması və hüquqi dövlət quruculuğu istiqamətində görülən işlər barədə fikirlərini bölüşüb. O, 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının müstəqil dövlətimizin hüquqi təməlini təşkil etdiyini qeyd edib. Həmçinin Konstitusiyanın xalqımızın milli iradəsini, dövlət suverenliyini və demokratik inkişaf prinsiplərini özündə əks etdirdiyini vurğulayıb.
Tədbirdə tarix üzrə fəlsəfə doktoru Rahim Həsənov, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov da çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dövlətçilik ənənələrinin qorunması, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi, hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü fəaliyyətdən bəhs ediblər. Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldiyini, dövlət müstəqilliyinin daha da möhkəmləndiyini və milli maraqların ardıcıl şəkildə qorunduğunu da vurğulayıblar.
Sonda Konstitusiya Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.








