Şəkidə mədəni irsin qorunması və ekoloji problemlərə həsr olunmuş dəyirmi masa keçirilib
Noy 20, 2026 | 02:00
20 noyabr 2026-cı il tarixində AMEA-nın Şəki
Regional Elmi Mərkəzinin və Şəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun birgə təşkilatçılığı ilə “Qoruq ərazisinin təbii və mədəni irsinin qorunması, biomüxtəlifliyin öyrənilməsi və ekoloji problemlər" mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada Şəki REM-in alimləri və gənc tədqiqatçıları, Şəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun rəhbərliyi və əməkdaşları iştirak ediblər.
Dəyirmi masanın keçirilməsində əsas məqsəd tarixi-memarlıq irsinin qorunması istiqamətində mövcud problemlərin müəyyənləşdirilməsi və onların həlli yollarının müzakirəsi olub.
Dəyirmi masada Şəki "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun direktoru Məmməd Əhmədov açılış nitqi söyləyib.
Sonra Şəki REM-in “Bitkilərin biomüxtəlifliyi və genefond” şöbəsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov "Mədəni irsin qorunması ekoloji problemlərin ən vacibidir" mövzusunda məruzə edib.
Məruzəçi mədəni irsin mühafizəsinin ətraf mühitin qorunması ilə sıx bağlı olduğunu, tarixi məkanların öz təbii mühiti və ekoloji xüsusiyyətləri ilə birlikdə qorunmasının vacib olduğunu diqqətə çatdırıb.
Şəki REM-in "Landşaftşünaslıq” şöbəsinin rəhbəri, geologiya və mineralogiya üzrə
fəlsəfə doktoru Hüseyn Mustafabəyli "Qoruq ərazisinin landşaftlarının bərpası və qorunmasında bitki biomüxtəlifliyinin rolu və əhəmiyyəti” mövzusunda çıxış edib. O, çıxışında bitki örtüyünün təbii landşaftların qorunmasında, ekoloji tarazlığın saxlanılmasında və pozulmuş ərazilərin bərpasında mühüm rol oynadığını qeyd edib.
"Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun elmi işçisi, Azərbaycan Turizm
Bələdçiləri Assosiasiyası İdarə Heyətinin üzvü Zəminə Rəsulova "Memarlıq
və təbiətin vəhdəti: Şəki Xan Sarayının divar rəsmlərində bitki motivlərinin landşaft
memarlığındakı yeri" adlı çıxış təqdim edib.
Məruzəçi Şəki Xan Sarayının divar
rəsmlərində əks olunan bitki motivlərinin bədii-estetik xüsusiyyətləri, memarlıq irsi ilə
təbiət arasında mövcud olan vəhdət və bu elementlərin mədəni irsin dərkində
əhəmiyyəti haqqında danışıb.
Şəki REM-in "Bitkilərin biomüxtəlifliyi və genefond" şöbəsinin kiçik elmi işçisi Songül Məmmədova “Şəkinin tarixi qoruq ərazisinin invaziv bitkiləri və onların ümumi
ekosistemə təsiri” mövzusunda çıxış edib. Məruzədə invaziv bitki növlərinin
yayılmasının yerli bitki biomüxtəlifliyinə yaratdığı təhlükələr, təbii ekosistemlərə
mümkün təsirləri və bu növlərin nəzarətdə saxlanılmasının əhəmiyyəti kimi məsələlər nəzərə çatdırılıb.
Şəki REM-in "Ekoloji coğrafiya” şöbəsinin kiçik elmi işçisi Elvin Rüstəmov da dəyirmi masada çıxış edib. Məruzəçi “Tarixi
şəhər mühitinin qorunmasında yaşıllıq infrastrukturunun və ekoloji tarazlığın rolu” adlı çıxışında şəhər yaşıllıqlarının ekoloji mühitin yaxşılaşdırılmasında, mikroiqlimin tənzimlənməsində və tarixi şəhər məkanlarının estetik görünüşünün qorunmasındakı əhəmiyyətini vurğulayıb.
Dəyirmi masanın yekununda Şəki REM-in "Ekoloji coğrafiya” şöbəsinin elmi işçisi
Aygün İsmayılova çıxış edib. O, Azərbaycan Respublikasının "Ətraf mühitin mühafizəsi
haqqında” Qanununun müvafiq maddələri ilə
təsbit olunmuş ekoloji prinsiplərə və mühafizə tələblərinə diqqəti çəkərək, mədəni irsin mühafizəsinə yalnız tarixi-memarlıq abidələrinin qorunması kimi deyil, həm də onları əhatə edən təbii mühitin, landşaft bütövlüyünün və ekoloji tarazlığın saxlanılmasını özündə birləşdirən kompleks proses kimi yanaşılmasının vacibliyini xüsusi olaraq qeyd edib.
Dəyirmi masanın sonunda mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb, göstərilən istiqamətdə birgə fəaliyyətin əhəmiyyəti qeyd olunub, iştirakçıların sualları cavablandırılıb.
Sonda xatirə fotoşəkli çəkilib.