Şəki Regional Elmi Mərkəzdə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Noy 06, 2026 | 03:48
06 noyabr 2026-cı il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
Tədbirdə şəhid ailələrinin üzvləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin nümayəndəsi, Şəki rayon Ağsaqqallar Şurasının nümayəndəsi və Mərkəzin əməkdaşları iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Şəki REM-in direktoru, filologiya elmləri doktoru, dosent Kamil Adışırınov qonaqları və iştirakçıları salamlayaraq 8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixindəki mühüm əhəmiyyətindən danışıb. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşanın azad olunması xəbərinin xalqımıza yaşatdığı tarixi sevincin Zəfər Gününün əsasını təşkil etdiyini vurğulayıb və tədbirin işinə uğurlar arzulayıb.
Daha sonra Mərkəzin Tarix və epiqrafika şöbəsinin elmi işçisi Elçin Vəliyev çıxış edərək Azərbaycanın tarixi Zəfərə aparan yolundan bəhs edib. O bu qələbənin siyasi və iqtisadi əsaslarının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb.
Bildirilib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə daxili sabitliyin təmin edilməsi, atəşkəsə nail olunması, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. “Əsrin müqaviləsi”nin imzalanması isə ölkənin iqtisadi inkişafına güclü təkan verib, əldə olunan gəlirlər əhalinin rifahının yüksəldilməsinə və ordunun gücləndirilməsinə yönəldilib.
Qeyd edib ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Azərbaycan Ordusunun müasir silah və texnika ilə təchiz olunması, hərbi potensialının artırılması və şəxsi heyətin döyüş ruhunun yüksəldilməsi tarixi qələbənin əldə olunmasında mühüm rol oynayıb.
Elçin Vəliyev Aprel döyüşlərinin Zəfərə aparan yolun mühüm mərhələlərindən biri olduğunu vurğulayıb. O, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın tarixi Qələbə qazandığını, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin suverenliyinin bütün ərazilərində tam bərpa olunduğunu bildirib.
Çıxışda işğaldan azad edilmiş ərazilərdə hazırda genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyi də diqqətə çatdırılıb. Vurğulanıb ki, əldə olunan tarixi nailiyyətlər şəhidlərimizin, qazilərimizin və Vətən müharibəsi qəhrəmanlarının fədakarlığı və şücaəti sayəsində mümkün olub.
Tədbirdə çıxış edən şəhid Elməddin Məmmədovun atası Mikayıl Məmmədov oğlu ilə bağlı xatirələrini bölüşüb. O, çıxış etməyin özü üçün həm ağır, həm də qürurverici olduğunu bildirib. Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan İlham Əliyevi, şəhidlərimizi, Vətən müharibəsi iştirakçılarını, Vətənin keşiyində dayanan əsgərlərimizi və bütün Azərbaycan xalqını təbrik edib.
Mikayıl Məmmədov xatirələrində oğlunun hələ uşaq yaşlarından şəhidlik arzusu ilə yaşadığını qeyd edib. Onun sözlərinə görə, Şəkidə “Xoca” filminin çəkilişləri zamanı Elməddin evə gələrək filmdə şəhid səhnəsini canlandırdığını danışıb. Şəhid atası bildirib ki, oğlunun həmin vaxt Vətən uğrunda şəhid olmaq şərəfinə nail olmağı arzuladığını böyük həvəslə dilə gətirdiyi, bu arzusunu ifadə edərkən gözlərinin sevincdən parladığı yaddaşında dərin iz buraxıb.
Çıxışının sonunda Mikayıl Məmmədov şəhid ailələrinə göstərilən diqqət və qayğıya, onların daim diqqət mərkəzində saxlanılmasına görə Şəki Regional Elmi Mərkəzin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirib.
Sonra çıxış üçün söz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin zabiti, leytenant Cəmil Məmmədliyə verilib.
Cəmil Məmmədli çıxışında şəhidlik zirvəsinin müqəddəsliyindən, Vətən uğrunda canından keçən qəhrəmanların adlarının və xatirələrinin daim yaşadılmasının hər birimiz üçün ən böyük mənəvi borc və amal olmasının vacibliyindən danışıb. O, Vətən müharibəsi zamanı mübarizənin yalnız ön cəbhədə deyil, arxa cəbhədə də aparıldığını vurğulayaraq qələbənin əldə olunmasında xalqımızın birliyinin, həmrəyliyinin və dəstəyinin mühüm rol oynadığını qeyd edib.
Çıxışının sonunda şəhid ailələrinə səbir diləyib, Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərə Allahdan rəhmət arzulayıb.
Daha sonra çıxış edən şəhid Aqşin Abdullayevin anası Dursun Cavadova Zəfər Gününə qovuşmağın sevincini yaşamaqla yanaşı, bu qələbəyə aparan ağır və keşməkeşli yolun xatirələrini də bölüşüb. O bildirib ki, qazanılan Zəfər yalnız 44 günlük Vətən müharibəsinin deyil, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda əvvəlki illərdə canlarından keçmiş bütün şəhidlərin də qələbəsidir.
Dursun Cavadova oğlu Aqşin Abdullayevin həyat yolundan danışaraq onun orta məktəbi və hərbi akademiyanı əla qiymətlərlə bitirdiyini, hər zaman Vətənə layiqli övlad olmağa çalışdığını qeyd edib.
Çıxışında torpaq və Vətən anlayışına xüsusi toxunan şəhid anası bildirib ki, torpağın əsl dəyərini onun uğrunda heç nəyi, heç kimi düşünmədən döyüşə gedən qəhrəmanların fədakarlığında görmək mümkündür. Onun sözlərinə görə, Vətən sevgisi şəhidlər üçün ana, ata, sevgili, hətta övlad sevgisindən belə üstün olub.
Dursun Cavadova oğlu Aqşin Abdullayev haqqında indiyədək bir çox kitabların yazıldığını da diqqətə çatdırıb. Bu kitablardan birincisinin məhz hazırda Şəki Regional Elmi Mərkəzinə rəhbərlik edən dosent Kamil Adışirinov tərəfindən qələmə alınmasını xüsusi qürur və diqqət nümunəsi kimi dəyərləndirib. O, oğlunun xatirəsinin yaşadılmasına göstərilən diqqətə görə Kamil Adışirinova və Mərkəzin kollektivinə təşəkkürünü bildirib.
Tədbirdə Əməkdar müəllim, Şəki Rayon Ağsaqqallar Şurasının sədr müavini Ruhangiz Abdullayeva çıxış edərək şəhid qanı tökülən torpağın hər qarışının müqəddəs olduğunu vurğulayıb və belə torpaqları müqəddəs Kəbəyə bənzədib.
O, Vətən müharibəsi günlərində cəbhədən gələn xəbərlərin xalqımızda böyük ruh yüksəkliyi yaratdığını qeyd edib. Xüsusilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin dilindən səsləndirilən qələbə xəbərlərinin insanların mübarizə əzmini daha da artırdığını, hər kəsə ümid və inam bəxş etdiyini bildirib. Qeyd edib ki, müharibə dövründə uşaqdan böyüyə hər kəs Prezidentin çıxışlarını və cəbhədən gələn xoş xəbərləri böyük həyəcan və səbirsizliklə gözləyirdi.
Ruhangiz Abdullayeva çıxışının sonunda Zəfərin xalqımızın yaddaşında silinməz iz qoyduğunu, bu qələbənin arxasında böyük birlik, həmrəylik və Vətən sevgisinin dayandığını vurğulayıb. O, şəhidlərimizin əziz xatirəsinin daim uca tutulmasının, onların qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılmasının hər birimizin mənəvi borcu olduğunu qeyd edib.
Bayram tədbirinin sonunda Zəfər Gününə və Vətən müharibəsində qazanılmış tarixi Qələbəyə həsr olunmuş videoçarx nümayiş etdirilib. Xatirə fotoşəkilləri çəkilib.