Balakəndə Tülü məbədinin tarixi irsinin öyrənilməsi və turizmin inkişafı müzakirə olunub
Okt 27, 2026 | 06:00
Okt 27, 2026 | 06:00
27 oktyabr 2026-cı il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevlə birlikdə rayon ərazisində yerləşən Tülü məbədini ziyarət edib.
Səfərin əsas məqsədi Tülü məbədinin tarixi, memarlıq xüsusiyyətləri və elmi əhəmiyyəti barədə məlumat vermək, eləcə də abidənin tədqiqi və təbliği məsələlərini müzakirə etmək olub.
Akif Məmmədli görüş zamanı Şəki Regional Elmi Mərkəzinin tarixi abidələrin araşdırılması istiqamətində həyata keçirdiyi elmi-tədqiqat işləri barədə ətraflı məlumat verib, bölgənin zəngin tarixi-mədəni irsinin öyrənilməsinin və qorunmasının vacibliyini vurğulayıb.
Müzakirələr zamanı Balakən rayonunda turizmin inkişaf etdirilməsi, tarixi abidələrin sistemli şəkildə tədqiqi və onların turizm marşrutlarına daxil edilməsi məqsədilə Rayon İcra Hakimiyyətində müvafiq komissiyanın yaradılması təklif olunub. Həmçinin, tarixi abidələrin daha yaxından öyrənilməsi və tanıdılması məqsədilə hər həftə bir məbədə səfərin təşkil edilməsi təşəbbüsü irəli sürülüb.
Bu istiqamətdə görüləcək işlərin elmi əsaslarla təşkili və əlaqələndirilməsində Şəki Regional Elmi Mərkəzinin əməkdaşı Akif Məmmədlinin aparıcı rol oynaması nəzərdə tutulur.








