ADPU-nun Şəki filialında arxeologiya elminin əsaslarına dair mühazirə keçirilib
Okt 28, 2026 | 04:46
Okt 28, 2026 | 04:46
28 oktyabr 2026-cı il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Arxeologiya və etnoqrafiya şöbəsinin müdiri Elşən Abdurahmanov ADPU Şəki filialının Tarix fakültəsinin I–II kurs tələbələri üçün “Arxeologiya elminin əsasları: İlk orta əsr yaşayış yerləri və Alban məbədlərinin tədqiqi kontekstində” mövzusunda mühazirə keçib.
Mühazirədə ADPU-nun direktoru, müəllimləri iştirak ediblər.
Mühazirə zamanı arxeologiya elminin qarşısında duran əsas vəzifələr, arxeoloji qazıntı və çöl-ekspedisiya işlərinin təşkili, qazıntı sahəsinin ilkin tədqiqi və araşdırma prosesinin mərhələləri haqqında ətraflı məlumat verilib.
Elşən Abdurahmanov tələbələrə arxeoloji tədqiqatlar zamanı həyata keçirilən tədbirləri, GPS görüntülərinin əldə edilməsini, fotogrammetriya və 3D skan texnologiyalarının tətbiqini, stratiqrafik planın hazırlanmasını, eləcə də laboratoriya analizlərinin təşkilini izah edib. Mövzulara dair fotoşəkillər nümayiş etdirilib tədqiqat metodları öyrədilib. Həmçinin Şəki REM tərəfindən aparılan arxeoloji qazıntılar zamanı əldə edilən artefaktların bir qismi əyani vasitə olaraq təqdim olunub və onların dövrü, mahiyyəti, əhəmiyyəti barədə tələbələrə ətraflı məlumat verilib.
Mühazirə tələbələrin arxeoloji tədqiqatların aparılma üsulları, ilk orta əsr yaşayış yerlərinin və Alban məbədlərinin öyrənilməsi, müasir texnologiyaların arxeologiyada tətbiqi barədə biliklərinin genişləndirilməsinə xidmət edib.








