Şəki Regional Elmi Mərkəzin növbəti Elmi Şura iclası keçirilib
Okt 30, 2026 | 04:38
30 oktyabr 2026-cı il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin növbəti Elmi Şura iclası keçirilib.
İclasda Elmi Şuranın 13 üzvü, şöbə rəhbərləri və elmi işçilər iştirak ediblər.
İclası giriş sözü ilə açan Şəki REM-in direktoru, filologiya elmləri doktoru, dosent Kamil Adışirinov iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib. Gündəlik səsə qoyularaq yekdilliklə təsdiq edilib.
Gündəlikdə duran ilk məsələ AMEA Rəyasət Heyətinin 22 oktyabr 2026-cı il tarixli iclasının 19/3 nömrəli “AMEA-nın elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatların hazırlanması haqqında” qərarına əsasən, AMEA-nın elmi müəssisələrinin illik elmi və elmi-təşkilati fəaliyyət hesabatlarının hazırlanması ilə bağlı olub.
Məsələ ilə bağlı Şəki REM-in elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini Vəfa Atayeva məruzə ilə çıxış edib. O, illik hesabatların hazırlanması zamanı elmi tədqiqatların nəticələrinin, əldə olunan elmi nailiyyətlərin, nəşr fəaliyyətinin və elmi-təşkilati işlərin dolğun şəkildə əks etdirilməsinin vacibliyini vurğulayıb. Həmçinin hesabatların müəyyən edilmiş tələblərə uyğun, sistemli və əhatəli hazırlanmasının əhəmiyyətini diqqətə çatdırıb.
Gündəlikdəki ikinci məsələ 28 iyul 2026-cı il tarixində AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin sədrliyi ilə Şəki Regional Elmi Mərkəzinin fəaliyyətinin yenidən qurulmasına dair keçirilmiş müşavirədə verilən tapşırıqların icrası ilə bağlı olub.
Belə ki, müşavirədə Şəki REM-in “Ekoloji Biofizika” və “Bitkilərin Biokimyası” şöbələrinin birləşdirilməsi barədə verilmiş tapşırığa uyğun olaraq yaradılması nəzərdə tutulan yeni şöbənin adının dəyişdirilməsi məsələsi müzakirəyə çıxarılıb. Məsələ ilə bağlı Şəki REM-in direktoru, dosent Kamil Adışirinov çıxış edərək şöbənin fəaliyyət istiqamətləri nəzərə alınmaqla yeni adın müəyyənləşdirilməsinin vacibliyini qeyd edib.
Müzakirələrin yekununda şöbənin fəaliyyət istiqamətlərinə uyğun yeni adının formalaşdırılması və bununla bağlı təkliflərin hazırlanaraq Elmi Şuraya təqdim edilməsi qərara alınıb.
Elmi Şuranın gündəliyində duran üçüncü məsələ AMEA-nın müxbir üzvü, görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Yaşar Qarayevin 90 illik yubileyinin keçirilməsi ilə bağlı olub.
Məsələ ilə bağlı Şəki REM-in “Ədəbi-mədəni mühit və folklor” şöbəsinin elmi işçisi Təranə Məmmədova çıxış edərək yubiley tədbirinin təşkili və keçirilməsi ilə bağlı təkliflərini səsləndirib. Tədbirin hazırlanması, təşkilati məsələlərin əlaqələndirilməsi və yubiley proqramının formalaşdırılması ətrafında müzakirələr aparılıb. Yubiley tədbirinin təşkili məqsədilə Təşkilat Komissiyasının tərkibi müəyyən edilib.
Elmi Şura iclasının növbəti hissəsində cari məsələlər müzakirə olunub. İlk olaraq, cari il ərzində nəşr olunmuş elmi və bədii kitablar barədə məlumat verilib. Belə ki, dosent Yusif Şükürlünün “Azan güllə” adlı bədii kitabının, Şəki REM-in direktoru, dosent Kamil Adışirinovun “Zaqatala ədəbi mühiti XX əsrin 60–80-ci illəri” adlı monoqrafiyasının, tarix üzrə fəlsəfə doktoru Rahim Həsənovun isə bakalavr səviyyəsi üçün nəzərdə tutulmuş “Politologiya” seçmə fənni üzrə proqram-metodik vəsaitinin nəşri ilə bağlı məsələlər diqqətə çatdırılıb.
Sonra “Bitkilərin Biomüxtəlifliyi və Genofondu” şöbəsinin elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Mübariz Paşayevə aparıcı elmi işçi elmi adının verilməsi məsələsi müzakirə edilib.
Müzakirələr zamanı alimin elmi fəaliyyəti və əldə etdiyi nəticələr diqqətə çatdırılıb. Məsələ ilə bağlı müvafiq sənədlərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi qərara alınıb.
Daha sonra “Ekoloji biofizika” şöbəsinin rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru İlqar İsmayılovun “Əlyəncəli biofizika” adlı elmi-metodik vəsaitinin, “Tarix və epiqrafika” şöbəsinin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Ələddin Sultanovun “Zaqatala bölgəsinin epistolyar irsi (ərəb qrafikalı tarixi sənədlər əsasında)” adlı monoqrafyasının nəşri ilə bağlı məsələlər müzakirəyə çıxarılıb.
Müzakirələrin yekununda hər iki elmi nəşrin mövzusu və məzmunu nəzərə alınaraq, onların nəşrə hazırlanması və çap olunması məqsədəuyğun hesab edilib.
İclasda, həmçinin “Ədəbi-mədəni mühit və folklor” şöbəsinin kiçik elmi işçisi Nigar Alxasovanın AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna, “Arxeologiya və etnoqrafiya” şöbəsinin kiçik elmi işçisi Şəfəq Əzimovanın isə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutuna fəlsəfə doktoru hazılığı üzrə qiyabi doktoranturaya qəbul edilməsi məsələsi müzakirə edilib.
Doktoranturaya qəbul olunan əməkdaşlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulanıb, kiçik xatirə hədiyyələri təqdim edilib.
Bununla yanaşı, 8 Noyabr – Zəfər Günü münasibətilə Şəki Regional Elmi Mərkəzində keçiriləcək tədbirlər və bu əlamətdar günlə bağlı görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb.