Şəkidə yazıçı Yusif Şükürlünün “Azan güllə” kitabının təqdimatı keçirilib
Okt 27, 2026 | 03:29
Okt 27, 2026 | 03:29
27 oktyabr 2026-cı il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə Şəki Şəhər Heydər Əliyev Mərkəzində yazıçı Yusif Şükürlünün “Azan güllə” kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri açan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov yazıçı Yusif Şükürlünün yaradıcılığından bəhs edib. O qeyd edib ki, elmi-bədii təfəkkürün məhsulu olan əsərlərin müəllifi Yusif Şükürlünün zəngin ədəbi irsi var və bu irs “Azan güllə” kitabının səhifələrində yenidən canlanır.
Şəhər rəhbəri kitabın ərsəyə gəlməsində və tərtibatında əməyi olan şəxslərə təşəkkürünü bildirib, onları bu əlamətdar nəşr münasibətilə təbrik edib. O, həmçinin belə tədbirlərin ədəbi mühitin zənginləşməsinə, oxucuların kitaba və mütaliəyə marağının artırılmasına töhfə verdiyini qeyd edərək, təqdimat mərasiminin işinə uğurlar arzulayıb.
Tədbirdə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, filologiya elmləri doktoru, dosent Kamil Adışirinov çıxış edib. Çıxışına Xalq şairi Səməd Vurğunun yaradıcılığından şeirlə başlayan dosent Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığına müraciət edərək, kitabın və ədəbi irsin dəyəri barədə fikirlərini bölüşüb. O, Xalq şairi Zəlimxan Yaqubun “Qalın kitablardan yox, qalan kitablardan olmalıdır” fikrini xatırladaraq bildirib ki, Yusif Şükürlünün “Azan güllə” kitabı da məhz oxucuların yaddaşında iz qoyan, zaman keçdikcə öz dəyərini qoruyan əsərlər sırasında yer almağa layiqdir. Onun sözlərinə görə, əsl ədəbi əsərin qiyməti səhifələrinin sayı ilə deyil, oxucunun qəlbində oyatdığı duyğular və düşüncələrlə ölçülür.
Yusif Şükürlünün yaradıcılığından danışan natiq qeyd edib ki, müəllifin əsərlərinə hər oxucu öz dünyagörüşü və baxış bucağından yanaşır. O, yazıçının qəzəllərini xüsusi dəyərləndirərək onların bədii gözəlliyini və özünəməxsusluğunu vurğulayıb.
Çıxışının sonunda Kamil Adışirinov Yusif Şükürlünün elmi fəaliyyətinə də toxunaraq onun AMEA-nın Şəki Regional Elmi Mərkəzinə 12 il rəhbərlik etdiyini xatırladıb. Bildirib ki, bu müddət ərzində Yusif Şükürlü elmin inkişafı istiqamətində mühüm addımlar atıb. Natiq yazıçının zəngin elmi-bədii irsinin onun elmə və ədəbiyyata verdiyi töhfələri özündə birləşdirdiyini vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri Vaqif Aslan ilk növbədə tədbirin təşəbbüskarlarına təşəkkürünü bildirib. O, Yusif Şükürlünün yaradıcılığından bəhs edərək, müəllifin elmi biliklərlə bədii təfəkkürü, məntiqlə duyğuları bir araya gətirmək bacarığını xüsusi vurğulayıb. Onun fikrincə, fizik olması Yusif Şükürlünün bədii yaradıcılığında da öz əksini tapıb. Vaqif Aslan qeyd edib ki, müəllifin əsərlərində elmi biliklər və müşahidələr incə hisslərlə, emosional duyumla və bədii ifadə ilə vəhdət təşkil edir.
Natiq yazıçının əsərlərindən nümunələr gətirərək, onlarda fiziki biliklərin və insani duyğuların necə birləşdiyini təhlil edib. Bildirib ki, Yusif Şükürlünün dünyaya münasibəti də bu xüsusiyyətlə səciyyələnirdi. Onun yaradıcılığında sevgi, həyata və dünyaya baxış, təbiətə münasibət rəngarəng bədii çalarlarla ifadə olunur. Bayatılarında, qəzəllərində və rübailərində isə zamanın hadisələrinə münasibət, düşünməyə vadar edən irad və etiraz notları duyulur.
Vaqif Aslan Yusif Şükürlünün ədəbi fəaliyyətinin formalaşmasında ədəbiyyat dərnəyinin də rolunu qeyd edib. O bildirib ki, dərnəyin fəal üzvlərindən biri kimi yaradıcılıq yolu keçən Yusif Şükürlü Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilməklə ədəbi mühitdə özünə yer tutub. Bu gün isə onun yaradıcılığı, istedadı və zəngin elmi-bədii irsi bir daha təsdiqini tapır.
Çıxışının sonunda Vaqif Aslan vurğulayıb ki, Yusif Şükürlünün həyatı və yaradıcılığı elmlə sənətin bir-birini tamamlamasının nümunəsidir.
Tədbirdə çıxış edən Şəki Şəhər Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədov “Yusif Şükürlü əsl ağsaqqal nümunəsi idi” mövzusunda fikirlərini bölüşüb. O, Yusif Şükürlünün yalnız alim və yazıçı kimi deyil, həm də müdrikliyi, həyat təcrübəsi və insanlarla səmimi münasibəti ilə seçilən bir ağsaqqal kimi yaddaşlarda qaldığını vurğulayıb.
Vaqif Əhmədov bildirib ki, Yusif Şükürlü ağsaqqallar sırasında layiqli yer tutaraq öz məsləhətləri, maraqlı ideyaları və dəyərli tövsiyələri ilə ətrafındakı insanlara daim dəstək olub. Onun müxtəlif görüşlərdə və tədbirlərdə söylədiyi fikirlər, insanlarla ünsiyyət tərzi, hər kəsə diqqət və hörmətlə yanaşması xüsusi rəğbət doğurub.
Natiq qeyd edib ki, Yusif Şükürlü Şəkinin ictimai həyatında fəal iştirak edib, rayonun əlamətdar tədbirlərində daim öz mövqeyi və tövsiyələri ilə seçilib.
Vaqif Əhmədov vurğulayıb ki, Yusif Şükürlünün ağsaqqallara xas müdrikliyi, zəngin həyat təcrübəsi və insanlara verdiyi dəyər gənc nəsil üçün örnəkdir.
Tədbirdə çıxış edən AR Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Şəki Elmi Tədqiqat Bazasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Coşqun Məmmədov Yusif Şükürlünün elmi-fantastik janrda qələmə aldığı “Yetti” povesti haqqında ətraflı danışıb. O, əsərdə yerdənkənar təsirlə bağlı mövzuların bədii təxəyyül və elmi yanaşma ilə təqdim olunduğunu qeyd edərək, müəllifin fizik olmasının povestə xüsusi ideya və məzmun çalarları qazandırdığını vurğulayıb. Bildirib ki, Yusif Şükürlü mürəkkəb elmi məsələləri sadə, anlaşıqlı dillə oxucuya çatdırmağı bacarıb.
Coşqun Məmmədov əsərin diqqətçəkən xüsusiyyətlərindən biri kimi müəllifin doğulub boya-başa çatdığı Baş Şabalıd kəndinin ləhcəsinin, etnomədəni mühitinin, xalq düşüncəsinin, toponimlərinin və yerli deyimlərinin povestə gətirilməsini xüsusi qeyd edib. Onun fikrincə, bu cəhətlər əsərin bədii dəyərini artırmaqla yanaşı, doğma mühitin mədəni xüsusiyyətlərinin və xalq yaddaşının ədəbi nümunədə yaşadılmasına da xidmət edir.
Natiq elmi-fantastik ədəbiyyatda təxəyyülün roluna toxunaraq bildirib ki, dünən yalnız xəyal kimi görünən bəzi ideyalar bu gün texnologiyanın inkişafı fonunda fərqli məna qazana bilər. Bununla belə, o vurğulayıb ki, hər bir bədii təxəyyül məhsulunun elmi gerçəkliyə çevrilməsi mümkün deyil. Bu baxımdan, elmi-fantastik əsərlərin həm yaradıcı düşüncəni inkişaf etdirmək, həm də oxucuda elmi maraq oyatmaq baxımından əhəmiyyəti böyükdür.
Coşqun Məmmədov qeyd edib ki, “Yetti” povestində dini, bioloji və astronomik biliklərin sadə və anlaşıqlı şəkildə təqdim olunması əsərin maarifləndirici əhəmiyyətini artırır. O, gənclərə Yusif Şükürlünün bu əsərini oxumağı, onun məzmununu dərindən araşdırmağı və tədqiqat işlərinə cəlb etməyi tövsiyə edib. Natiqin fikrincə, əsər elmlə bədii təfəkkürün əlaqəsini öyrənmək, milli-mədəni xüsusiyyətlərin ədəbiyyatda əksini araşdırmaq baxımından da maraqlı mənbədir.
Tədbirdə çıxış edən AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ədəbi-mədəni mühit və folklor şöbəsinin elmi işçisi Tural Adışirinov yazıçı Yusif Şükürlünün hekayələrini qısa tezislər şəklində təhlil edərək, onun yaradıcılığının müasir Azərbaycan ədəbiyyatındakı yerindən və bədii xüsusiyyətlərindən bəhs edib. O bildirib ki, kənd mövzusu Azərbaycan ədəbiyyatında hər zaman aktual olub. Natiq müasir ədəbiyyatda kənd gerçəkliyinin daha realist, idealizə olunmadan və həyatın təbii axarı daxilində təsvirinə diqqət çəkib. Bu baxımdan, Yusif Şükürlünün “Çəhrayı gödəkcə” hekayəsini səciyyəvi nümunə kimi dəyərləndirib.
Tural Adışirin yazıçının “Canavar” hekayəsini təhlil edərkən əsərdə xronotop sisteminin, insanla təbiət arasındakı münasibətlərin və ekoetik yanaşmanın əhəmiyyətini vurğulayıb. O, müəllifin hadisələri bədii məkana və zamana uyğun şəkildə qurmaqla yanaşı, insanın təbiətə münasibətini də düşündürücü məqamlarla əks etdirdiyini bildirib.
Natiq “Juliklər” hekayəsinə toxunaraq, əsərdə satirik diskursun imkanlarından istifadə edildiyini, insanın öz davranışlarına tənqidi yanaşmasının ön plana çəkildiyini qeyd edib. Onun fikrincə, yazıçı satira vasitəsilə cəmiyyətdəki müəyyən davranışları və insan xarakterindəki ziddiyyətləri üzə çıxarır, oxucunu özünütənqidə və düşünməyə sövq edir.
“Azan güllə” hekayəsi və kitabın ümumi məzmunu barədə danışan Tural Adışirin əsərdə insan həyatının fərqli çalarlarının, mürəkkəb duyğularının və həyat həqiqətlərinin bədii ifadəsini xüsusi qeyd edib. O vurğulayıb ki, kitabın “Azan güllə” adlandırılması da təsadüfi deyil və əsərin məzmunu ilə səsləşən uğurlu bədii seçimdir.
Çıxışının sonunda Tural Adışirin Yusif Şükürlünün hekayələrinin mövzu rəngarəngliyini, realist təsvir imkanlarını və insan həyatına fərqli baxışını önə çəkərək yazıçının zəngin bədii irsinin yaşamaqda davam etdiyini bildirib.
Tədbirdə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji biofizika şöbəsinin elmi işçisi, yazıçı Yusif Şükürlünün qızı Zərintac Şükürova çıxış edərək atasının əsərlər toplusunun nəşr olunmasından və kitabın təqdimat mərasimində iştirakından qürur duyduğunu bildirib. O qeyd edib ki, əsərlərinin bir kitabda toplanaraq çap edilməsi atasının ən böyük arzularından biri olub. Bu gün həmin arzunun gerçəkləşməsi yazıçının illər ərzində topladığı düşüncələrin, müşahidələrin və duyğuların yenidən oxucularla görüşməsi deməkdir.
Zərintac Şükürova atasının ömrünü elmə həsr etdiyini vurğulayaraq, onun elmi düşüncə tərzinin bədii yaradıcılığında da öz əksini tapdığını bildirib. Onun sözlərinə görə, Yusif Şükürlünün əsərlərində elmi yanaşma, dərin müşahidə qabiliyyəti və həyata fərqli baxış bir-birini tamamlayır.
Çıxışı zamanı atasının “Tale oyunu” romanının müzakirəsi ilə bağlı xatirəsini bölüşən Zərintac Şükürova qeyd edib ki, Yusif Şükürlü oxucuların fikirlərinə böyük önəm verir, onların əsərləri necə qəbul etdikləri ilə yaxından maraqlanırdı. Atasının ilk oxucusu kimi onun fikirləri yazıçı üçün xüsusi əhəmiyyət daşıyırdı. Bu münasibət müəllifin yaradıcılığına nə qədər həssas yanaşdığını və oxucu ilə mənəvi bağ qurmağa necə önəm verdiyini göstərirdi.
Zərintac Şükürova atasının bu tədbirdə iştirak edə bilməməsinin təəssüf doğurduğunu ifadə edərək, Yusif Şükürlü özü burada olsaydı, bu məclisdən böyük sevinc və məmnunluq hissi ilə ayrılacağını söyləyib. Çıxışını atasının zəngin yaradıcılıq irsinə göstərilən diqqətə görə minnətdarlıqla tamamlayıb.
Tədbirin sonunda yazıçı Yusif Şükürlünün oğlu, hüquq üzrə fəlsəfə doktoru Tərxan Şükürlü ailə üzvləri adından çıxış edib. O, bu əlamətdar gündə ailə olaraq həm kədər, həm də qürur hissi yaşadıqlarını bildirib. Qürurlarının səbəbinin atasının ömrü boyu yaratdığı əsərlərə göstərilən diqqət, onunla bağlı xoş xatirələrin bölüşülməsi və zəngin yaradıcılıq irsinin yaşadılması olduğunu qeyd edib. Kədərinin isə atasının fiziki olaraq aralarında olmaması, yalnız xatirəsinin və mənəvi varlığının bu məclisdə yaşaması ilə bağlı olduğunu vurğulayıb.
Tərxan Şükürlü bildirib ki, Yusif Şükürlü yetişdirdiyi tələbələrdə, yazdığı kitablarda və oxucularına ötürdüyü düşüncələrdə yaşamağa davam edir. Onun sözlərinə görə, müəllifin əsərləri, elmi fəaliyyəti və insanlarla bağlı xoş xatirələri zaman keçdikcə daha da dəyər qazanacaq.
O, çıxışında kitabın ərsəyə gəlməsində əməyi olan şəxslərə xüsusi minnətdarlığını ifadə edən Tərxan Şükürlü atasının yaradıcılıq yolunda daim yanında olan anasına və bacısına təşəkkür edib. O, kitabın hazırlanmasında iştirak edən redaksiya heyətinin üzvlərinə, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə, elmi redaktor, filologiya elmləri doktoru Sərxan Xavəriyə, tərtibçi filologiya elmləri doktoru Kamil Adışirinova və elmi rəyçi professor Firəddun İbrahimova minnətdarlığını bildirib.
Tərxan Şükürlü, həmçinin tədbirin təşkil olunmasında əməyi olan Şəki Şəhər Heydər Əliyev Mərkəzinin direktoruna və əməkdaşlarına, tədbirin moderatorlarına, eləcə də təqdimat mərasimində iştirak edən bütün qonaqlara təşəkkürünü çatdırıb.
O vurğulayıb ki, bu kitab ailə üçün yalnız bir nəşr deyil, həm də atalarının ömür boyu topladığı düşüncələrin, duyğuların və xatirələrin gələcək nəsillərə ötürülməsi baxımından böyük mənəvi dəyər daşıyır. Yusif Şükürlünün yaradıcılıq irsinin yaşadılması və oxuculara çatdırılması ailəsi üçün həm qürur mənbəyi, həm də unudulmaz bir mənəvi təsəllidir.
Tədbir boyu səsləndirilən musiqi nümunələri təqdimat mərasiminin bədii məzmununu zənginləşdirib, tədbirin ümumi ovqatını tamamlayıb.
Sonda iştirakçılarla xatirə fotosu çəkdirilib.








