Kamil Adışirinovun “Zaqatala ədəbi mühiti: XX əsrin 60–80-ci illəri” adlı monoqrafiyası nəşr olunub
Okt 26, 2026 | 05:19
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, filologiya elmləri doktoru, dosent Kamil Adışirinovun “Zaqatala ədəbi mühiti: XX əsrin 60–80-ci illəri” (“Qırmızı bayraq” qəzetinin materialları əsasında), I kitab adlı monoqrafiyası “Savad” mətbəəsində çap edilib.
Monoqrafiyada XX əsrin 60–80-ci illərində Zaqatala ədəbi mühitində yazıb-yaratmış şairlərin əsərləri, xüsusilə onların Zaqatalada nəşr olunan “Qırmızı bayraq” qəzetinin səhifələrində dərc edilmiş şeirləri təhlil olunur.
Tədqiqata cəlb edilən şairlərin yaradıcılığı mövzu və ideya baxımından geniş şəkildə araşdırılır. Monoqrafiyada onların cəmiyyətə satirik münasibəti, ədəbi irslərinin ayrı-ayrı istiqamətləri, əsərlərində xalq ədəbiyyatından istifadə imkanları, eləcə də yaradıcılıqlarının bədii sənətkarlıq xüsusiyyətləri haqqında ətraflı məlumat verilir.
Qeyd edək ki, kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Vüqar Mikayıl Əhməd, rəyçiləri isə filologiya elmləri doktoru, dosent Gülbəniz Məcnun qızı Babayeva və filologiya elmləri doktoru, dosent Əzizağa Bayram oğlu Nəcəfovdur.
Kamil Adışirinovu yeni elmi nəşrin işıq üzü görməsi münasibətilə təbrik edir, ona elmi və yaradıcılıq fəaliyyətində uğurlar arzulayırıq.