Şəkidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində respublika elmi-praktik konfransı keçirilib
Okt 23, 2026 | 04:53
Okt 23, 2026 | 04:53
23 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində AMEA-nın Şəki Regional Elmi Mərkəzi və ADPU-nun Şəki filialının birgə təşkilatçılığı ilə Şəkidə “Şimal-qərbi Azərbaycanda tarixi memarlıq abidələri və şəhərsalmanın təbii-coğrafi və ekoloji aspektləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
Elmi-praktik konfransda Azərbaycanın müxtəlif bölgələrindən olan ziyalılar, gənc tədqiqatçılar, mədəniyyət işçiləri, tələbələr, media nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elmi-praktik konfransı açan ADPU-nun Şəki filialının direktoru, tarix üzrə fəlsəfə doktoru Vurğun Məmmədov çıxışında Şimal-qərb bölgəsinin zəngin tarixi keçmişindən, Şəkinin Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri kimi xüsusi əhəmiyyətindən, eləcə də bölgənin milli-mənəvi dəyərlərindən və tarixi köklərindən bəhs edib.
O, Şəkinin əsrlər boyu formalaşmış zəngin mədəni irsi, özünəməxsus memarlıq ənənələri və tarixi abidələri ilə seçildiyini vurğulayaraq, bu irsin qorunmasının, öyrənilməsinin və gələcək nəsillərə çatdırılmasının mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Vurğun Məmmədov elmi konfransın əhəmiyyətini vurğulayaraq bildirib ki, bu cür elmi platformalar müxtəlif sahələr üzrə mütəxəssislərin fikir və təcrübə mübadiləsi aparmasına, yeni elmi yanaşmaların formalaşmasına və aktual məsələlərin müzakirəsinə geniş imkanlar yaradır. O, konfrans çərçivəsində aparılacaq müzakirələrin Şimal-qərbi Azərbaycanın tarixi-mədəni irsinin daha dərindən araşdırılmasına, tarixi memarlıq abidələrinin elmi əsaslarla öyrənilməsinə və şəhərsalmanın təbii-coğrafi və ekoloji aspektlərinin tədqiqinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Çıxışının sonunda Vurğun Məmmədov konfransın işinə uğurlar arzulayıb, tədbirin yeni elmi nəticələrin əldə olunmasına, elmi əməkdaşlığın genişlənməsinə və bölgənin tarixi-memarlıq irsinin daha dolğun şəkildə öyrənilməsinə xidmət edəcəyinə ümid etdiyini bildirib.
Sonra AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, filologiya elmləri doktoru, dosent Kamil Adışirinov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi ilə bağlı təşəbbüs çərçivəsində təşkil olunan elmi-praktik konfransın aktual məsələlərin müzakirəsi, müxtəlif elm sahələri üzrə fikir mübadiləsinin aparılması və yeni elmi nəticələrin əldə edilməsi baxımından faydalı olacağına ümidvar olduğunu bildirib.
O, Şəki Regional Elmi Mərkəzi tərəfindən bu istiqamətdə həyata keçirilən elmi tədbirlərdən, həmçinin müxtəlif elmi müəssisələrlə birgə təşkil olunan müştərək konfrans və seminarlarla yanaşı, Mərkəzin müstəqil şəkildə keçirdiyi elmi tədbirlərdən bəhs edib. Qeyd edib ki, bu cür tədbirlər tarixi-mədəni irsin araşdırılması, memarlıq abidələrinin elmi tədqiqi, eləcə də bölgənin zəngin tarixinin və mədəniyyətinin daha dərindən öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Kamil Adışirinov çıxışında elmi əməkdaşlığın genişləndirilməsinin, müxtəlif elm sahələrini təmsil edən tədqiqatçıların bir araya gəlməsinin və aktual elmi məsələlərin birgə müzakirəsinin vacibliyini vurğulayıb.
Çıxışının sonunda Kamil Adışirinov AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin konfrans iştirakçılarına ünvanladığı təbrik və təşəkkürlərini çatdırıb, tədbirin işinə uğurlar arzulayıb.
Sonra məruzələr dinlənilib.
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev çıxış edib.
O, "Heydər Əliyev: Tarixin memarı" adlı çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın siyasi, iqtisadi və mədəni inkişafı istiqamətində müəyyənləşdirdiyi siyasi kursdan, bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs edib. Qeyd edib ki, ölkəmizdə şəhərsalma və memarlıq sahəsinə göstərilən diqqət, tarixi-mədəni irsin qorunması, milli memarlıq ənənələrinin yaşadılması və gələcək nəsillərə çatdırılması dövlət siyasətinin mühüm istiqamətlərindəndir.
Məruzəçi tarixi-memarlıq abidələrinin elmi əsaslarla öyrənilməsinin, qorunmasının və təbliğinin əhəmiyyətini vurğulayaraq, bu sahədə elmi müəssisələr arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
O, həmçinin AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi ilə Şəki Regional Elmi Mərkəzi arasında mövcud olan əməkdaşlıq münasibətlərindən danışıb, birgə elmi tədbirlərin təşkilini və qarşılıqlı elmi əlaqələrin inkişafını yüksək qiymətləndirib. Cəmil Quliyev iki elmi müəssisə arasında əməkdaşlığın möhkəmləndirilməsinə, elmi təcrübə mübadiləsinin genişləndirilməsinə və birgə tədqiqatların həyata keçirilməsinə göstərilən diqqətə görə Şəki Regional Elmi Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirib. O, bu əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
Şəki Regional Elmi Mərkəzinin direktoru, filologiya elmləri doktoru, dosent Kamil Adışirinov iki elmi müəssisə arasında əməkdaşlığın inkişafına və elmi əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Fəxri Fərmanla təltif olunub.
Şəki Regional Elmi Mərkəzin şöbə müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Hüseyn Mustafabəyli “Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunda şəhərsalmanın lokal landşaft xüsusiyyətləri” mövzusunda məruzə edib.
Məruzəçi çıxışında regionda şəhərsalmanın təbii-coğrafi xüsusiyyətləri, lokal landşaft elementləri və mövcud geoekoloji problemlər barədə ətraflı məlumat verib. O, səhralaşmanın təbii-coğrafi əsaslarına toxunaraq, landşaft dəyişikliklərinin şəhər mühitinə təsirini və ərazilərin planlaşdırılması zamanı təbii amillərin nəzərə alınmasının vacibliyini vurğulayıb.
Hüseyn Mustafabəyli şəhərsalma xəritələrində əsas ekoloji risk zonalarının müəyyənləşdirilməsi və fərqləndirilməsi məsələlərindən bəhs edib. Bu istiqamətdə GİS və məsafədən zondlama texnologiyalarının tətbiqi, onların ərazilərin təhlili, landşaft dəyişikliklərinin izlənilməsi və geoekoloji risklərin qiymətləndirilməsində rolu haqqında məlumat verib. O, aparılan tədqiqatlar nəticəsində əldə olunan elmi nəticələri diqqətə çatdıraraq, müasir texnologiyaların şəhərsalma prosesində qərarların elmi əsaslarla qəbul edilməsinə geniş imkanlar yaratdığını qeyd edib.
Məruzədə Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunda davamlı şəhərsalmanın təmin edilməsi məqsədilə kompleks yanaşma təklif olunub. Bu yanaşma təbii-coğrafi qiymətləndirmə, geoekoloji risklərin müəyyənləşdirilməsi, ərazilərin funksional zonalaşdırılması, tarixi-mədəni irsin qorunması, yaşıl infrastrukturun inkişafı və GİS əsaslı monitorinq mərhələlərini əhatə edib.
Hüseyn Mustafabəyli bildirib ki, təklif olunan davamlı şəhərsalma idarəetməsi modeli təbii landşaftların mühafizəsinə, ekoloji risklərin azaldılmasına, şəhər mühitinin planlı inkişafına və tarixi-mədəni abidələrin qorunmasına xidmət edə bilər. O, şəhərsalma qərarlarının qəbulunda müasir geoinformasiya texnologiyalarından istifadənin və ekoloji amillərin nəzərə alınmasının regionun dayanıqlı inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
Daha sonra Şəki Regional Elmi Mərkəzin əməkdaşı, aqrar elmlər üzrə fəlsəfə doktoru Mübariz Paşayev “Şəkinin tarixi qoruq ərazisinin ekosisteminin müasir vəziyyəti” mövzusunda məruzə edib.
Məruzəçi Şəkinin tarixi qoruq ərazisinin ekoloji vəziyyəti, təbii ekosistemlərinin müasir durumu və biomüxtəlifliyin qorunmasının əhəmiyyəti barədə məlumat verib. O, ərazinin təbii sərvətlərinin, bitki örtüyünün və ekoloji tarazlığının mühafizəsinin həm ətraf mühitin davamlılığı, həm də tarixi-mədəni irsin qorunması baxımından vacib olduğunu vurğulayıb.
Mübariz Paşayev, həmçinin şəhərsalma prosesində ekoloji amillərin nəzərə alınmasının, yaşıllıq sahələrinin qorunub saxlanılmasının və onların antropogen təsirlərdən mühafizəsinin əhəmiyyətinə toxunub. Qeyd edib ki, tarixi qoruq ərazilərində ekosistemin müasir vəziyyətinin elmi əsaslarla araşdırılması mövcud ekoloji problemlərin müəyyənləşdirilməsinə, biomüxtəlifliyin qorunmasına və ərazinin gələcək nəsillər üçün mühafizəsinə imkan yaradır.
Məruzədə tarixi ərazilərin qorunması ilə ekoloji tarazlığın təmin edilməsi arasında qarşılıqlı əlaqənin vacibliyi diqqətə çatdırılıb.
Şəki Regional Elmi Mərkəzin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Ələddin Sultanov “Balakən-Zaqatala bölgəsindəki tarixi məscidlər” adlı məruzəsində Şimal-Qərb bölgəsinin dini-mədəni mühitinin formalaşması, ölkəmizdə inşa edilmiş ilk məscidlər, eləcə də Balakən-Zaqatala və Şəki bölgələrindəki tarixi məscidlərin ümumi xüsusiyyətləri haqqında ətraflı məlumat verib. O, bu dini-memarlıq abidələrinin tikintisində istifadə olunan materiallar və inşaat üsulları, plan quruluşu, həcm-fəza həlli və dekorativ bəzək elementləri barədə danışıb.
Ələddin Sultanov məscidlərin yalnız dini ibadət məkanları kimi deyil, həm də şəhərsalma strukturunun formalaşmasında, yaşayış məntəqələrinin memarlıq simasının müəyyənləşməsində və bölgənin ictimai-mədəni həyatında mühüm rol oynadığını vurğulayıb. O, tarixi məscidlərdə qorunub saxlanılan kitabələrin elmi əhəmiyyətinə toxunaraq, onların dövrün tarixi hadisələri, dini dünyagörüşü, memarlıq ənənələri və mədəni əlaqələri haqqında dəyərli məlumat mənbəyi olduğunu qeyd edib.
Məruzədə, həmçinin bölgədə yerləşən seçilmiş tarixi məscid abidələri, ayrı-ayrı məscidlərin memarlıq xüsusiyyətləri və onların üzərindəki kitabələr haqqında məlumatlar təqdim olunub. Bildirilib ki, bu abidələrin kompleks şəkildə araşdırılması Şimal-qərbi Azərbaycanın dini-memarlıq irsinin öyrənilməsi, tarixi dəyərlərinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Şəki Regional Elmi Mərkəzinin Arxeologiya və etnoqrafiya şöbəsinin müdiri Elşən Abdurahmanov “Şəki rayonunun Baş Küngüt kəndi ərazisində aparılmış arxeoloji tədqiqatların nəticələri” mövzusunda çıxış edib.
Məruzəçi Baş Küngüt kəndi ərazisində aparılan arxeoloji tədqiqatların əsas məqsədi, əldə olunan elmi nəticələr və aşkar edilmiş maddi-mədəniyyət nümunələrinin bölgənin ilk orta əsrlər tarixinin öyrənilməsində əhəmiyyəti barədə məlumat verib. O, Qafqaz Albaniyası dövrünün Azərbaycan tarixində mühüm mərhələ olduğunu vurğulayaraq, bu dövrə aid arxeoloji abidələrin sistemli şəkildə tədqiq edilməsinin tarixi keçmişimizin elmi əsaslarla öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Elşən Abdurahmanov çıxışında Baş Küngüt ərazisində yerləşən "Meydan" yaşayış yerində aparılmış arxeoloji qazıntıların nəticələrinə toxunub. Ərazinin tarixi toponimikası, qədim yaşayış məskəninin xüsusiyyətləri, suvarma sistemi və burada aşkar edilmiş müxtəlif artefaktlar haqqında ətraflı məlumat verib. O, tədqiqatlar zamanı alban məbədi daxilində aşkar edilmiş qəbir və həmin qəbirdən əldə olunan maddi-mədəniyyət nümunələrinin elmi əhəmiyyətini diqqətə çatdırıb.
Məruzədə ərazidə aşkar edilmiş daş qutu qəbirlər, dəfn ənənələri və qəbir inventarları haqqında məlumatlar xüsusi yer tutub. Qəbirlərdən tapılan bəzək əşyaları və digər arxeoloji materialların bölgədə yaşamış əhalinin məişəti, sənətkarlıq sahələri, dini təsəvvürləri, dəfn mərasimləri və mədəni əlaqələri haqqında mühüm məlumatlar verdiyini bildirib. Tədqiqat materiallarının yaşayış məskəninin tarixinin VI–VII əsrlərdən XIII əsrə qədər uzanan mərhələlərinin öyrənilməsinə imkan yaratdığını qeyd edib.
Məruzəçi ərazidəki dini abidələrin tədqiqinin xüsusi önəm daşıdığını vurğulayaraq, ilk orta əsrlərdə xristian dini ənənələri ilə yanaşı, daha qədim inancların izlərinin də qorunub saxlanıldığını qeyd edib.
Çıxışının sonunda məruzəçi vurğulayıb ki, Baş Küngüt ərazisində aparılan arxeoloji tədqiqatlar Şəki bölgəsinin ilk orta əsrlər tarixinin, dini-mədəni mühitinin və memarlıq irsinin öyrənilməsi üçün mühüm elmi materiallar təqdim edir. Aşkar edilmiş maddi sübutların kompleks şəkildə araşdırılması bölgənin tarixi keçmişi ilə bağlı müxtəlif iddiaların elmi faktlar əsasında qiymətləndirilməsinə, tarixi irsin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir.
ADPU-nun Şəki filialının baş müəllimi Səadət Feyzullayeva “Şəhər ekosisteminin akustik çirklənməsi və onun insan sağlamlığına təsiri” mövzusunda məruzə edib.
Məruzəçi şəhər mühitinin aktual ekoloji problemlərindən biri olan akustik çirklənmə, onun yaranma səbəbləri və insan sağlamlığına təsirləri barədə ətraflı məlumat verib. O, səs və səs-küy anlayışları arasındakı fərqi izah edərək, səs-küyün arzuolunmaz və həddindən artıq intensiv olduqda insanın gündəlik həyatına, əmək qabiliyyətinə və ümumi sağlamlıq vəziyyətinə mənfi təsir göstərə biləcəyini diqqətə çatdırıb.
Səadət Feyzullayeva gündəlik həyatda rast gəlinən müxtəlif səs səviyyələrindən, səsin əsas fiziki göstəricilərindən və onların qiymətləndirilməsi üsullarından bəhs edib. Şəhər mühitində akustik çirklənmənin əsas mənbələri kimi nəqliyyat vasitələrinin hərəkəti, tikinti işləri və digər antropogen fəaliyyətləri qeyd edərək, nəqliyyat intensivliyinin artmasının şəhər ekosistemində səs-küy səviyyəsinin yüksəlməsinə səbəb olduğunu vurğulayıb.
Məruzədə səs-küyün insan orqanizminə təsiri xüsusi diqqət mərkəzində olub. Bildirilib ki, uzunmüddətli və yüksək səviyyəli səs-küyə məruz qalma eşitmə qabiliyyətinin zəifləməsi, yuxu pozuntuları, stress və sinir sisteminin gərginliyi ilə nəticələnə bilər. Həmçinin akustik çirklənmənin ürək-damar sisteminə təsirləri, o cümlədən yüksək qan təzyiqi və ürək-damar xəstəlikləri üçün risk amili kimi rolu barədə məlumat verilib.
Səadət Feyzullayeva şəhər mühitində akustik çirklənmənin azaldılması yollarından da danışıb. O, yaşıllıq zolaqlarının və ağac örtüyünün genişləndirilməsinin, şəhərsalma zamanı səs-küyün azaldılmasına yönəlmiş tədbirlərin nəzərə alınmasının, nəqliyyatın düzgün təşkilinin və ekoloji tələblərə əməl olunmasının əhəmiyyətini vurğulayıb.
Sonda qeyd olunub ki, şəhər ekosistemində akustik çirklənmənin öyrənilməsi və qarşısının alınması sağlam yaşayış mühitinin formalaşdırılması, əhalinin həyat keyfiyyətinin yüksəldilməsi və şəhərsalma prosesində ekoloji amillərin nəzərə alınması baxımından mühüm əhəmiyyət daşıyır.
ADPU-nun Şəki filialının baş müəllimi Tahir Məhərrəmov “Müasir şəhərsalma siyasətində tarix və mədəniyyət abidələrinin qorunmasının hüquqi təminatı” adlı çıxış edib.
Məruzəçi Azərbaycanın qədim şəhərsalma ənənələrini, tarixi və mədəniyyət abidələrinin milli-mənəvi irsimizin qorunmasındakı rolunu və onların müasir şəhərsalma prosesində mühafizəsinin əhəmiyyətini sistemli şəkildə təhlil edib. O, tarixi-mədəni irsin qorunmasının hüquqi əsasları, bu sahədə mövcud qanunvericiliyin tələbləri, abidələrin mühafizə zonalarının müəyyənləşdirilməsi və mühafizə qaydalarının pozulmasına görə nəzərdə tutulan hüquqi məsuliyyət məsələlərinə toxunub.
Tahir Məhərrəmov bildirib ki, tarixi abidələrin qorunması şəhərsalma və memarlıq fəaliyyətinin mühüm istiqamətlərindən biri olmaqla, şəhərlərin özünəməxsus simasının və tarixi yaddaşının saxlanılmasına xidmət edir. Bu baxımdan, yeni tikinti və yenidənqurma işləri həyata keçirilərkən tarixi-memarlıq mühitinin xüsusiyyətlərinin, abidələrin mühafizə tələblərinin və ekoloji amillərin nəzərə alınmasının vacibliyini vurğulayıb.
Məruzədə Azərbaycanın müasir şəhərsalma siyasəti, dövlət qurumlarının tarixi-mədəni irsin mühafizəsi sahəsindəki fəaliyyəti və Ümummilli Lider Heydər Əliyevin milli-mədəni dəyərlərin qorunmasına yönəlmiş siyasətinin əhəmiyyəti də geniş şəkildə şərh olunub. Qeyd edilib ki, bu siyasətin davamı olaraq tarixi abidələrin mühafizəsi, memarlıq irsinin yaşadılması və şəhərsalma ənənələrinin inkişaf etdirilməsi aktual məsələlərdəndir.
Tahir Məhərrəmov, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinə toxunaraq, həmin ərazilərdəki tarixi və mədəniyyət abidələrinin qorunmasının, bərpasının və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini diqqətə çatdırıb.
Daha sonra məruzələr ətrafında müzakirələr aparılıb.
Məruzələr ətrafında aparılan müzakirələr zamanı Əməkdar jurnalist Akif Salam çıxış edərək Şəkinin zəngin tarixi-mədəni irsi, qədim memarlıq abidələri və onların qorunub saxlanılmasının əhəmiyyəti barədə fikirlərini bölüşüb. O, Şəkinin tarixi abidələrinin həm yerli əhali, həm də şəhərə gələn turistlər tərəfindən böyük maraqla qarşılandığını qeyd edib.
Akif Salam vurğulayıb ki, bu abidələr xalqımızın zəngin keçmişini, milli-mənəvi dəyərlərini və əsrlər boyu formalaşmış memarlıq ənənələrini özündə yaşadır. O, tarixi-mədəni irsin qorunmasının, abidələrə həssas münasibətin göstərilməsinin və onların gələcək nəsillərə çatdırılmasının vacibliyini diqqətə çatdıraraq, bu istiqamətdə görülən işlərin cəmiyyətin mədəni inkişafında mühüm rol oynadığını nəzərə çatdırıb, konfransın təşkilatçılarına minnətdarlığını bildirib.
“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun elmi işçisi Zəminə Rəsulova çıxış edərək konfrans çərçivəsində müzakirə olunan mövzuların aktuallığını və maraq doğurduğunu qeyd edib.
O, xüsusilə qoruq ərazisinin ekosistemi, burada yayılan faydalı və zərərli bitki növləri haqqında təqdim olunan məlumatların əhəmiyyətini vurğulayıb. Bildirib ki, tarixi-memarlıq abidələrinin qorunması ilə yanaşı, onların yerləşdiyi ərazinin təbii mühitinin və bitki örtüyünün öyrənilməsi də xüsusi diqqət tələb edir.
Zəminə Rəsulova qoruq əməkdaşlarının bu sahədə bilik və məlumatlılığının artırılması məqsədilə maarifləndirici və öyrədici seminarların təşkilinin məqsədəuyğun olacağını bildirib. Onun fikrincə, belə seminarlar əməkdaşların ərazidəki bitki müxtəlifliyi, bitkilərin ekosistemdəki rolu və təbii mühitin qorunması ilə bağlı biliklərinin genişləndirilməsinə, eləcə də qoruq ərazisinin daha səmərəli mühafizəsinə töhfə verə bilər.
O, həmçinin qeyd edib ki, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğuna gələn turistlər Şəkinin zəngin tarixi-mədəni irsinə böyük maraq göstərir, qoruq ərazisi ilə yanaşı, bölgədə yerləşən digər tarixi abidələri də ziyarət edirlər. Bu baxımdan, tarixi irsin təbliği ilə yanaşı, ətraf mühitin qorunması və ekoloji maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin də əhəmiyyətli olduğunu vurğulayıb.
Tədbirin sonunda konfransda çıxış edən məruzəçilərə elmi-praktik konfransda iştiraklarına və təqdim etdikləri məruzələrə görə sertifikatlar təqdim olunub, xatirə fotoşəkilləri çəkilib.








