Okt 16, 2026 | 04:00
18 oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə AMEA-nın Şəki Regional Elmi Mərkəzində tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə Şəki Regional Elmi Mərkəzin direktoru, f.e.d., dos. Kamil Adışirinov açaraq 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün Azərbaycan xalqının tarixində mühüm əhəmiyyət daşıdığını bildirib. O, 1991-ci ildə dövlət müstəqilliyimizin bərpasının xalqımızın azadlıq iradəsinin və milli dövlətçilik ənənələrinə bağlılığının təzahürü olduğunu vurğulayıb. Direktor, həmçinin müstəqilliyin qorunub saxlanılmasının, milli-mənəvi dəyərlərin yaşadılmasının və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini qeyd edib.
Sonra Tarix və epiqrafika şöbəsinin müdiri, t.ü.f.d. Rahim Həsənov çıxış edərək Azərbaycanın müstəqilliyə aparan yoluna tarixi faktlar əsasında nəzər salıb. O, Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsini xalqımızın azadlıq mübarizəsinin mühüm nəticəsi kimi səciyyələndirib. Müstəqilliyin ilk illərində ölkənin üzləşdiyi siyasi və iqtisadi böhran, eləcə də Ermənistanın hərbi təcavüzünün dövlətçiliyimiz üçün ciddi təhlükələr yaratdığını diqqətə çatdırıb.
Rahim Həsənov vurğulayıb ki, belə mürəkkəb şəraitdə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkədə sabitliyin təmin olunmasında, dövlət idarəçiliyinin möhkəmləndirilməsində və Azərbaycanın gələcək inkişaf istiqamətinin müəyyənləşdirilməsində həlledici rol oynayıb. Onun uzaqgörən siyasəti nəticəsində ölkənin beynəlxalq mövqeyi güclənib, milli maraqlara əsaslanan inkişaf strategiyası formalaşıb.
Məruzəçi bu siyasi kursun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirərək Azərbaycanın iqtisadi və müdafiə potensialının artmasına, beynəlxalq nüfuzunun yüksəlməsinə diqqət çəkib. O, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin dövlətimizin qüdrətinin, Azərbaycan Ordusunun gücünün və xalqımızın birliyinin parlaq təcəssümü olduğunu qeyd edib.
Çıxışının sonunda qələbənin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasında mühüm mərhələ olduğuna diqqət çəkən məruzəçi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin Azərbaycanın gələcək inkişafı baxımından əhəmiyyətini vurğulayıb, müstəqilliyin qorunmasının hər bir vətəndaşın məsuliyyəti olduğunu bildirib.
Tədbirin sonunda Azərbaycanın müstəqillik tarixinə və qazandığı nailiyyətlərə həsr olunmuş videoçarx nümayiş etdirilib.








