Şəkidə Harunbazar yaşayış məskənində 2026-cı il arxeoloji tədqiqatları başa çatıb
Avg 15, 2026 | 03:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Arxeologiya və etnoqrafiya şöbəsinin əməkdaşları tərəfindən Şəkinin Orta Zəyzid kəndi ərazisində yerləşən Harunbazar yaşayış məskənində və alban nekropolunda 2026-cı il üzrə aparılan arxeoloji tədqiqatlar başa çatıb.
Bu barədə ekspedisiyanın rəhbəri, arxeoloq Elşən Abdurahmanov məlumat verib.
Onun sözlərinə görə, Harunbazar yaşayış məskənində arxeoloji tədqiqatlara 2025-ci ildə başlanılıb. Həmin il aparılan qazıntılar nəticəsində yaşayış yerində Erkən orta əsrlər və klassik feodalizmin ilkin mərhələsində məskunlaşmanın mövcudluğu elmi faktlarla əsaslandırılıb.
Elşən Abdurahmanov bildirib ki, 2026-cı il mövsümündə aparılan tədqiqatların əsas məqsədi yaşayış yerinin sərhədlərinin müəyyənləşdirilməsi, abidənin xronologiyasının və stratiqrafiyasının dəqiqləşdirilməsi, həmçinin yeni artefaktların aşkarlanması olub.
Qazıntılar zamanı ərazidə beş təndir qalığı aşkarlanıb
Bundan əlavə, yaşayış yerinin qərb hissəsində aparılan tədqiqatlar zamanı üç daş qutu qəbir öyrənilib.
Ekspedisiya çərçivəsində Orta Zəyzid kəndi ərazisində yerləşən Alban nekropolu da ilk dəfə arxeoloji tədqiqata cəlb olunub. Şurf qazıntıları nəticəsində burada dörd daş qutu qəbir aşkar edilərək öyrənilib. İlkin qiymətləndirməyə əsasən, qəbirlər Erkən orta əsrlərin son mərhələsinə aid edilir.
Ekspedisiya rəhbərinin sözlərinə görə, əldə olunan nəticələr Harunbazar yaşayış məskəninin tarixinin və bölgənin erkən orta əsrlər dövrünə aid maddi-mədəni irsinin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət daşıyır. Bununla yanaşı, ərazidə aparılacaq gələcək arxeoloji tədqiqatların yeni elmi nəticələrin əldə olunmasına imkan yaradacağı gözlənilir.