Şəki və Qaxın çaylarında temperatur göstəriciləri üzrə monitorinq aparılıb
Sen 02, 2026 | 03:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzində Şəki və Qax rayonlarının çaylarında ekoloji müşahidələr və tədqiqatlar həyata keçirilib. Araşdırma Şin, Kürmükçay və Qaçqaçay çaylarını əhatə edib.
Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin müdiri, coğ.ü.f.d. Qafqaz Ağabalayevin sözlərinə görə, monitorinq işləri şöbənin əməkdaşı Elvin Qarayev tərəfindən 2026-cı ilin avqust ayında aparılıb.
Araşdırmanın əsas istiqamətlərindən biri çay sularının temperatur dəyişkənliyinin izlənilməsi olub. Bununla yanaşı, suyun temperaturu ilə atmosferdəki temperatur göstəricilərinin müqayisəsi aparılıb və çayların temperatur rejiminə təsir göstərə biləcək təbii amillər nəzərdən keçirilib.
Müşahidələr zamanı suyun temperaturu ilə yanaşı, çay yatağının ətrafındakı və atmosferdəki temperatur göstəriciləri də qeydə alınıb. Şin çayında ölçmələr ay ərzində gündəlik, Kürmükçay və Qaçqaçayda isə beş dəfə həyata keçirilib.
Tədqiqat zamanı hava axınlarının, xüsusilə çay vadisi boyunca hərəkət edən hava kütlələrinin, həmçinin yağıntılı hava şəraitinin temperatur göstəricilərinə təsiri də müşahidə olunub. Sel və yağıntılardan sonra suda yaranan bulanıqlıq və lillənmənin temperatur rejimi ilə mümkün əlaqəsi də araşdırmanın diqqət mərkəzində olub.
Monitorinq nəticələri əsasında hər üç çay üzrə temperatur göstəricilərini əks etdirən ilkin məlumat bazası yaradılıb. Toplanmış məlumatların gələcək müşahidələrin nəticələri ilə müqayisəsi çay ekosistemlərində temperatur dəyişmələrinin daha geniş şəkildə öyrənilməsinə imkan yaradacaq.