Şəkidə keçirilən “Kəndə gəl” yay düşərgəsində gənc tədqiqatçılarımız fəallıq göstəriblər
Sen 09, 2026 | 03:00
Sen 09, 2026 | 03:00
2–7 sentyabr tarixlərində Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyasının tərəfdaşlığı və AMEA Gənclər Akademiyasının təşkilatçılığı ilə keçirilən “Kəndə gəl” yay düşərgəsi zəngin və rəngarəng proqramla yadda qalıb.
Düşərgə çərçivəsində elmi məruzə və təqdimatlar, müxtəlif təlimlər, intellektual və idman yarışları, ekskursiyalar, mədəni proqramlar, eləcə də komanda fəaliyyətləri təşkil olunub.
Tədbirdə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin gənc tədqiqatçıları da fəal iştirak edərək keçirilən proqramlarda öz bacarıq və biliklərini nümayiş etdiriblər. Gənclərin elmi təqdimatlarda, intellektual və idman yarışlarında, həmçinin komanda fəaliyyətlərində iştirakı düşərgənin əsas diqqətçəkən məqamlarından olub.
Düşərgə çərçivəsində keçirilən voleybol yarışının qalibləri və intellektual oyunda fərqlənən komandalar mükafatlandırılıb. Yarışlarda fəal iştirak edən və yüksək nəticə göstərən gənclərə müvafiq mükafatlar təqdim olunub.
Tədbirin bağlanış mərasimində düşərgənin bütün iştirakçılarına sertifikatlar təqdim edilib. Sonda iştirakçılar və təşkilatçılarla birlikdə xatirə şəkilləri çəkdirilib.
Beləliklə, “Kəndə gəl” yay düşərgəsi gənc tədqiqatçıların bilik və təcrübələrini artırmaları, yeni əlaqələr qurması, komanda ruhunun formalaşdırılması və asudə vaxtın səmərəli təşkili baxımından faydalı platforma olub.








